SABİQ KƏŞFİYYATÇI ŞAHZADƏ DİANANIN İŞİ İLƏ BAĞLI HƏBS OLUNMUŞDUR
Fransa polisi Tomlinsonun həbsindən əvvəl onun Kannda yerləşən mənzilində axtarış aparmış, sabiq kəşfiyyatçının kompyuterini və sənədlərini müsadirə etmişdir. “Deyli Ekspress” qəzetinin yazdığına görə, axtarışa fransız hüquq mühafizə orqanları Mİ6-nın xahişi ilə icazə vermişlər.
Riçard Tomlinson dövlət sirri haqqında qanunu pozduğuna görə 1995-ci ildə Böyük Britaniyanın məxfi xidmətindən azad edilmiş və 6 ay həbsxanada yatmışdır. 1997-ci ildə o, Mİ6 ilə əməkdaşlıqda şübhəli bilinənlərin siyahılarını internetdə yerləşdirdiyinə görə yenidən bir il müddətinə məhkum olunmuşdur. Sabiq agent “Tomlinson Mİ6-ya qarşı” adı ilə sayt açması və orada bir sıra məsələlər barəsində öz mövqeyini şərh etməsi ilə tanınır. O iddia edirdi ki, Diananın sürücüsü Henri Pol məxfi xidmətin məlumatçısı idi, şahzadənin həlak olması isə Britaniya xüsusi xidmətlərinin Slobodan Miloşeviçi öldürməyi planlaşdırmasına çox oxşayır.
Mİ6-nın əməkdaşı olan Riçard Tomlinson Şərq istiqamətində - SSRİ-də, sonra isə Bosniyada işləyirdi. O, Yeni Zelandiyanın və Böyük Britaniyanın vətəndaşıdır, son vaxtlar Fransada yaşayırdı.