SABİRABAD REGİONAL LOGİSTİK BAZASI İSTİFADƏYƏ VERİLMİŞDİR
Sabirabad, 23 oktyabr (AZƏRTAC). Sabirabad rayonunun Qaratəpə kəndində “Aqrolizinq” Açıq Tipli Səhmdar Cəmiyyətinin (ASC) tutumu 12 min ton olan regional logistik bazasının açılışı olmuşdur.
Bu münasibətlə keçirilən tədbirdə kənd təsərrüfatı naziri İsmət Abasov çıxış edərək ölkədə aqrar siyasətin uğurla həyata keçirilməsindən, ərzaq təhlükəsizliyinə dair Dövlət Proqramının real bəhrələr verməsindən, sahənin inkişafına ardıcıl dövlət yardımından, iş adamlarının əməyinin stimullaşdırılmasından danışmışdır. Nazir demişdir ki, kənd təsərrüfatı məhsulları istehsalçılarının toxum, gübrə və damazlıq heyvanlar ilə təmin edilməsinə əlavə dəstək barədə Prezident Sərəncamı ardıcıl icra edilir. Dövlət hesabına alınmış gübrələrin ölkə daxilində paylanması mexanizminin təkmilləşdirilməsi üçün ayrı-ayrı bölgələri əhatə etməklə regional logistik bazalar yaradılır. Onlardan biri bu gün istifadəyə verilir. Cari ilin sonunadək Şəki, Şəmkir və Xaçmaz rayonlarında da belə bazalar açılacaqdır.
Nazir məhsul istehsalında aqrolizinqlərin rolunun artdığını, şəffaf lizinq əməliyyatlarının miqyasının daha da genişlənəcəyini qeyd etmişdir.
Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Heydər Abbasov Azərbaycan Respublikası Prezidentinin regionların sosial-iqtisadi inkişafını daim diqqətdə saxladığını vurğulamış, logistik bazanın istifadəyə verilməsini ölkə başçısının aqrar sahənin inkişafına töhfəsi kimi qiymətləndirmişdir.
Sahibkarlardan Sosialist Əməyi Qəhrəmanı Fatma Hüseynova, Rufulla Qocayev diqqət və qayğıya görə təşəkkür etmiş, Prezident İlham Əliyevin yürütdüyü fəal daxili və xarici siyasəti yekdilliklə dəstəklədiklərini bildirmişlər.
Logistik baza ilə yaxından tanış olan tədbir iştirakçılarına məlumat verilmişdir ki, bu anbarlarda müxtəlif növ gübrə və pestisidlərin saxlanması və bölüşdürülməsi, kənd təsərrüfatı maşınlarına texniki qulluq həyata keçiriləcəkdir.
######
![]() |
![]() |

