Sabunçu rayonunda karantin qaydalarını pozaraq fəaliyyət göstərən kafe aşkarlanıb VİDEO
Bakı, 25 iyul, AZƏRTAC
Sabunçu rayonunun Bakıxanov qəsəbəsində xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən kafe aşkarlanıb. Sabunçu Rayon Polis İdarəsi və 13-cü polis bölməsi əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Ərəblinski 1A ünvanında paytaxt sakini Elmin Məmmədova məxsus “Furqan” kafesinin işlədiyi məlum olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, obyektə baxış zamanı ümumilikdə yeddi nəfərin xüsusi karantin qaydalarını pozaraq kafedə olduqları aşkarlanıb. Obyektin sahibi Elmin Məmmədov və müştərilər saxlanılaraq ərazi üzrə rayon polis idarəsinin 13-cü polis bölməsinə gətiriliblər.
Xüsusi karantin qaydalarını pozan müştərilər barədə polis bölməsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülüb və onlar ciddi şəkildə cəzalandırılıblar.
Kafe sahibinin törətdiyi karantin pozuntusuna hüquqi qiymət verilməsi üçün toplanan materiallar isə Sabunçu Rayon Məhkəməsinə təqdim edilib.