Şagirdlərə fövqəladə hallar zamanı təhlükəsizlik qaydaları öyrədilib
Xaçmaz, 1 mart, Elxan Yusifli, AZƏRTAC
Xaçmazda 1 mart - Dünya Mülki Müdafiə Günü ilə əlaqədar praktiki təlimlər keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Əzizəddin Tahirov adına Köhnə Xaçmaz kənd tam orta məktəbdə keçirilən təlimin nəzəri hissəsində şagirdlərlə maarifləndirici söhbətlər aparılıb, fövqəladə hallar zamanı istifadə olunan avadanlıqlar nümayiş etdirilib.
Rayon icra hakimiyyətinin, Xaçmaz regional fövqəladə hallar və mülki müdafiə şöbəsinin təşkilatçılığı, eləcə də Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin yaxından iştirakı ilə keçirilən təlimlərin əsas məqsədi vətəndaşları, xüsusilə də məktəbliləri maarifləndirmək, onlara fövqəladə hallar zamanı təhlükəsizlik qaydalarına necə riayət etməyi öyrətməkdən ibarət olub.
Şərti xəbərdarlıq siqnalı ilə məktəbdə “zəlzələ” həyəcanı elan olunub. Məktəblilər zəlzələ zamanı təhlükəli zonadan təxliyə olunma qaydalarını, yaralanmış şəxslərə ilk tibbi yardımın üsullarını göstəriblər. Şagirdlərin təlimatlandırılması və maarifləndirilməsi məqsədilə məktəbə yanğınsöndürənlər, xilasedicilər və təcili tibbi yardım heyəti cəlb edilib.
Sonda praktiki vərdişlərin yerinə yetirilməsində fərqlənən şagirdlər fəxri fərmanlarla təltif olunub.