“Sağlam cəmiyyətə doğru” layihəsi çərçivəsində tədbirlər davam etdirilir
Bakı, 4 noyabr (AZƏRTAC). Narkotiklərə Qarşı Milli Təbliğat Ofisi tərəfindən Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə “Sağlam cəmiyyətə doğru” layihəsi çərçivəsində narkomaniya əleyhinə maarifləndirmə, təbliğat xarakterli tədbirlərin keçirilməsi davam etdirilir.
AZƏRTAC xəbər verir ki, layihənin fəaliyyət istiqamətlərinə uyğun olaraq növbəti tədbirlər Mingəçevirdə və Ağdaşda keçirilmişdir. Tədbirlərdə İcra hakimiyyətlərinin bu işə məsul şəxsləri, gənclər və idman idarələrinin rəhbərləri, QHT-lərin və gənclər təşkilatlarının nümayəndələri iştirak etmişlər.
Tədbirdə ofisin rəhbəri Məzahir Əfəndiyev narkotiklərə qarşı mübarizə ilə bağlı geniş təqdimatla çıxış etmişdir. O, Azərbaycan Hökumətinin bu mübarizəyə böyük diqqət yetirdiyini vurğulayaraq vətəndaş cəmiyyəti təmsilçilərinin də prosesə geniş cəlb olunmasının vacibliyini diqqətə çatdırmışdır. Bildirilmişdir ki, narkomaniyanın təkcə dövlətin deyil, bütövlükdə cəmiyyətin problemi olması proseslərə QHT-lərin və geniş ictimaiyyətin fəal qoşulmasını zəruri edir. Ona görə də QHT-lərin fəaliyyəti, onların dövlət qurumları ilə əməkdaşlığı daha da gücləndirilməli, bu istiqamətdə ictimai müzakirələr artırılmalı, aparılan maarifləndirmə, təbliğat işlərində daha müasir forma və metodlardan, qabaqcıl təcrübə və texnologiyadan istifadə olunmalıdır.
Vurğulanmışdır ki, xüsusən regionlarda ölkə gənclərinin bu mövzuda az məlumatlı olması onlar arasında daha intensiv işlərin görülməsini labüd edir. İctimai-tərbiyəvi əhəmiyyətli belə tədbirlərin davamlı və ardıcıl həyata keçirilməsi cəmiyyətdə, xüsusilə gənclər arasında narkomaniyanın yayılmasının qarşısını almaqla yanaşı, bu istiqamətdə hər bir gəncin potensialından istifadə etməklə mübarizəni daha da gücləndirəcəkdir.
Mövzu ətrafındakı çıxışlarda ümumbəşəri problem sayılan narkomaniya ilə mübarizədə hökumət - QHT əməkdaşlığının daha da inkişaf etdirilməsinin, bu sosial bəla ilə mübarizədə maarifləndirmə, təbliğat işlərinin daha da gücləndirilməsi baxımından belə tədbirlərin mütəmadi keçirilməsinin vacibliyi qeyd olunmuşdur.
Sonda iştirakçıların çoxsaylı sualları cavablandırılmışdır.
Tədbir iştirakçılarına metodoloji vəsait - bukletlər, döş nişanları, təqvimlər və s. paylanmışdır.