Sağlam gələcək naminə narkotiklərə yox deyək
Bakı, 12 may, AZƏRTAC
"Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə tədbirlər planına əsasən, tələbələr arasında antinarkotik təbliğatını gücləndirmək məqsədilə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində "Sağlam gələcək naminə narkotiklərə yox deyək" mövzusunda maarifləndirici tədbir təşkil edilib.
Bu barədə AZƏRTAC-a Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupundan məlumat verilib.
Tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun nümayəndələri, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı, Bakı Narkoloji Mərkəzinin həkim-psixoloqu, habelə Mərkəzin direktoru, müəllim heyəti və tələbələr iştirak ediblər.
Çıxışlarda narkomanlığa qarşı mübarizə üsulları, narkotik vasitələrin cəmiyyət üçün yaratdığı sosial və tibbi problemlər, onların törətdiyi fəsadlar, narkotik asılılığının formalaşma mərhələləri, həmçinin mənəvi-əxlaqi dəyərlər barədə ətraflı məlumat verilib. Yeni növ psixotrop maddələrin xüsusiyyətləri, insan orqanizminə və psixoloji sağlamlığa göstərdikləri zərərli təsirlər izah edilib.
Bundan əlavə, gənclərin asudə vaxtlarının səmərəli təşkili, sağlam həyat tərzinin formalaşdırılması və zərərli vərdişlərdən uzaq olmanın vacibliyi ilə bağlı tövsiyələr səsləndirilib.
Tədbirin sonunda Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış "Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyələr" adlı kitabça müəllim heyətinə təqdim edilib. "Rəqəmsal mühitdə gizli narkotik risklər", "Psixotrop maddələr haqqında həqiqət", "Narkotik vasitələrdən istifadə nəticəsində insan orqanizmində baş verən fəsadlar" və "Narkotiklər haqqında həqiqəti bilin" adlı maarifləndirici materiallar isə tələbələrə paylanılıb.