“Sağlam həyat” günləri tədbirinə karateçilər də qoşulublar
Bakı, 6 aprel, AZƏRTAC
Aprelin 6-da Beynəlxalq İdman Günü münasibətilə Gənclər və İdman Nazirliyinin start verdiyi “Sağlam həyat” günləri tədbirinə karateçilər də qoşulublar.
Azərbaycan Milli Karate Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, paytaxtın müxtəlif karate klublarının yetirmələri “Sağlam həyat” günləri tədbirində fəal iştirak edirlər. Belə ki, tədbirin birinci günündə "Qara-Qaplan" klubunun idmançıları idman normativləri üzrə özlərini sınayaraq müvafiq sertifikatlar əldə ediblər. Növbəti günlərdə digər klubların karateçiləri tədbirə qatılacaqlar.
Aprelin 10-dək Dənizkənarı Milli Parkda təşkil edilən tədbirdə hər kəs iştirak edə bilər. Tədbirə qoşulanlar öz yaş qrupları üzrə idman normativlərini yerinə yetirərək fiziki bacarıqlarını sınaya bilərlər. Sınaqlar 11 yaş qrupu - 6-8, 9-10, 11-12, 13-15, 16-17, 18-29, 30-39, 40-49, 50-59, 60-69 və 70-dən yuxarı yaş kateqoriyaları üzrə təşkil olunur.
İdman normativləri qaçış, yerindən uzunluğa tullanma, ağırlıqqaldırma, turnik, top atma, dayaqlı vəziyyətdən qolların bükülüb-açılması və qarın əzələlərinin möhkəmləndirilməsi ("jim" və "press") proqramları üzrə aparılır.
İştirak etmək üçün öncədən qeydiyyata ehtiyac yoxdur. Normativləri yerinə yetirən bütün iştirakçılara sertifikatlar təqdim edilir.
Qeyd edək ki, İnkişaf və Sülh Naminə Beynəlxalq İdman Günü idman təqvimində yeni tarixdir. 2013-cü il avqustun 23-də BMT-nin Baş Məclisi aprelin 6-nı Beynəlxalq İdman Günü kimi qeyd etməyi yekdilliklə qərara alıb.