Şahbuz rayonu ərazisində bezuar keçilərinin sayı artıb
Şahbuz, 13 oktyabr, AZƏRTAC
Aparılan ekoloji tədbirlər nəticəsində muxtar respublikanın Şahbuz rayonu ərazisində son illər bir çox fauna növlərində, xüsusilə bezuar keçilərində artım müşahidə olunur.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, ərazilərdə çöl heyvanlarının qidaya olan tələbatını qismən ödəmək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Şahbuz Dövlət Təbiət Qoruğunun əməkdaşları tərəfindən “Zərnətün dərəsi” adlandırılan ərazidə qaba yem və daşduz ehtiyatı yaradılıb. Tədarük məhsulları əsasən bezuar keçilərinin qış aylarında görüldüyü ərazilərə dağıdılıb.
Qarşıdakı günlərdə rayonun digər müvafiq ərazilərində də biotexniki tədbirlərin keçirilməsi nəzərdə tutulur. Qış mövsümündə təbiətin qarla örtülməsi bəzi fauna növlərinin qidalanmasında müəyyən problemlər yaradır. Buna görə də vəhşi heyvanların ən çox yayıldığı ərazilərdə biotexniki tədbirlər görülür, onlar üçün qida ehtiyatı yaradılır.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2021-2022-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirədə muxtar respublikanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinə bitki və heyvanat aləminin qış aylarında qorunması üçün müvafiq işlərin görülməsi, qida ehtiyatının yaradılması ilə bağlı tapşırıqlar verilib.