Şahbuz rayonunda 8 hektardan çox sahədə üzüm və meyvə bağı salınacaq
Şahbuz, 1 aprel, AZƏRTAC
Martın 15-dən muxtar respublikada başlanan yaşıllaşdırma aksiyaları Şahbuz rayonunda da davam etdirilir.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, yaşıllaşdırma tədbirləri ilk olaraq Şahbuz şəhərindəki Bayraq meydanının ətrafında həyata keçirilib. Burada soyqırımı qurbanlarının xatirəsinə 1,2 hektar sahədə yeni meyvə bağı salınıb. Ərazidə 1000-ə yaxın ərik tingi əkilib.
Qeyd edək ki, bu il rayonda meyvə bağlarının salınmasına üstünlük veriləcək. Yaz aylarında rayonda yaşıllaşdırma tədbirlərinin, əsasən, Mərəlik, Səlsüz kəndləri və Şahbuz şəhəri ərazisində aparılması nəzərdə tutulub. Ümumi əkinlərin 6 hektarını üzüm bağları təşkil edəcək. İki hektara yaxın sahədə yeni meyvə bağı salınacaq. 0,7 hektar sahədə isə bərpa məqsədilə yeni meyvə tingləri əkiləcək. Əkinlər üçün tinglər rayonda yaradılan tingçilik təsərrüfatında tədarük olunur.