Şahbuz rayonunda növbəti seminar təşkil edilib
Şahbuz, 30 sentyabr, AZƏRTAC
“Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatının aparılmasında qanunvericiliyin tələbləri” mövzusunda növbəti seminar Şahbuz rayonunda təşkil edilib.
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, nazirliyin notariat bölməsinin rəisi vəzifəsini müvəqqəti icra edən ədliyyə müşaviri Zülfü İsmayılov “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı zamanı qanunvericiliyin tələbləri” mövzusunda çıxış edib. Bildirib ki, əhaliyə göstərilən xidmət səviyyəsinin yüksəldilməsi, nöqsanlara yol verilməməsi və aparılan əməliyyatlar zamanı kargüzarlıq qaydaları ilə bağlı qanunvericiliyin tələblərinin gözlənilməsi qarşıya qoyulan əsas tələbdir.
Qanunvericilik bölməsinin rəisi, ədliyyə müşaviri Ayaz Məhərrəmov “Ad hüququ və adların verilməsi ilə bağlı qanunvericiliyin tələbləri” ilə bağlı əsas məqamları diqqətə çatdıraraq bildirib ki, Azərbaycan Respublikası Ailə Məcəlləsində göstərilir ki, uşaqlara ad valideynlərin birgə razılığı əsasında verilir. İcra nümayəndələri əməliyyatları apararkən adların düzgün yazılışına da diqqət etməli və yazılan adlar Azərbaycan ədəbi dilinin yazı qaydalarına uyğun olmalıdır.
“Doğumun, ölümün və nikahın qeydə alınması zamanı yol verilən nöqsanlar” barədə Hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti bölməsinin rəisi, I dərəcəli ədliyyə qulluqçusu Həbibə Əliyeva vurğulayıb ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı sistemi insan hüquqlarının qorunması, sosial müdafiə proqramlarının həyata keçirilməsi, ailə sağlamlığının təmin edilməsində vacib rol oynayır. İcra nümayəndəlikləri tərəfindən vətəndaşlıq vəziyyəti aktları dövlət qeydiyyatına alınarkən yol verilən nöqsanları da qeyd edərək bildirib ki, kargüzarlıq işlərinin aparılması zamanı daha diqqətli olunmalı, vətəndaşlar tərəfindən şəxsən iştirak edilməli olan hallar tələb olunan zaman qanunvericiliyə əməl edilməli və ərizələrin şəxsən yazılması təmin edilməlidir.
Sonda seminar iştirakçılarına bukletlər paylanılıb.