Şahdağ Milli Parkı zəngin flora və faunası ilə turistləri cəlb edir
Şabran, 13 yanvar, Elxan Yusifli, AZƏRTAC
Zəngin flora və faunası ilə seçilən Şahdağ Milli Parkını ötən il 890 turist ziyarət edib.
AZƏRTAC xəbər verir ki, sahəsinə görə nəinki Azərbaycanda, həmçinin Cənubi Qafqazda ən böyük olan Milli Parkı ziyarət edən turistlərin 200-dən çoxu xaricilərdir.
Quba, Qusar, Şamaxı, İsmayıllı, Oğuz və Qəbələ rayonlarının inzibati ərazilərində yaradılan Şahdağ Milli Parkı 11 il əvvəl fəaliyyətə başlayıb. 130 min hektardan çox ərazini əhatə edən parkda yüksək dağlıq və meşəlikləri əhatə edən 40-a yaxın turizm marşrutu mövcuddur.
Parkın ərazisinə daxil olmaq üçün bir günlük icazə 2-4 manat təşkil edir. Bələdçinin müşayiəti ilə gəzinti üçün seçdiyiniz marşrutdan aslı olaraq 20-50 manat ödəmək lazımdır. Turistlər Milli Parkın Şabran rayonunun Pirəmsən kəndində yerləşən inzibati binasına gəlməklə müxtəlif texniki və səyahət avadanlıqlarını icarəyə götürə bilərlər.
Şahdağ Milli Parkının ərazisi xüsusi mühafizə olunur. Burada icazəsiz daxil olmaq, ağac kəsmək və ov etmək qadağandır.