“Neftçi”nin amerikalı yeni basketbolçusu: Azərbaycan çempionatında hər epizod həlledici məna kəsb edir – MÜSAHİBƏ
Bakı, 20 avqust, AZƏRTAC
“Neftçi” basketbol klubunun amerikalı yeni transferi Robert Karter komandaya keçidi, Azərbaycan çempionatındakı hədəfləri və qarşıdakı avrokubok matçları ilə bağlı AZƏRTAC-ın suallarını cavablandırıb. Həmin müsahibəni təqdim edirik:
-İlk növbədə “Neftçi”yə transferiniz münasibətilə sizi təbrik edirik. Bakı klubuna keçid etməyinizdə əsas amillər nə oldu?
-Bu qərarı verməyimdə əsas səbəb komandanın oyun üslubunun mənim basketbol anlayışıma tam uyğun gəlməsidir. Eyni zamanda, yüksəksəviyyəli basketbol təcrübəsi olan yeni baş məşqçimizin varlığı da mühüm rol oynadı. Düşünürəm ki, ondan öyrənə biləcəyim çox şey var.
-Transferə qədər “Neftçi” və Azərbaycan basketbolu haqqında nə dərəcədə məlumatlı idiniz?
-“Neftçi”nin Azərbaycan Basketbol Liqasında iddialı və aparıcı klublardan biri olduğunu bilirdim. Ümumilikdə Azərbaycan basketbolunun kütləviləşən və sürətlə inkişaf edən struktura malik olduğundan xəbərdar idim.
-Azərbaycan çempionatında oynamaq sizin üçün nə ilə maraqlıdır və buradakı şəxsi hədəfləriniz nələrdir?
-Çempionatın ən maraqlı tərəfi odur ki, buradakı hər bir komandanın tək bir məqsədi var: mümkün olan bütün titulları əldə etmək. Bu da meydançadakı hər bir epizodun həlledici məna kəsb etməsinə səbəb olur. Şəxsi hədəfimə gəlincə, sadəcə özümü daha da inkişaf etdirmək və keçən mövsümlə müqayisədə daha yaxşı performans göstərmək istəyirəm.
-Karyeranız ərzində Avstriya, Çexiya, Belçika və Slovakiya liqalarında çıxış etmisiniz. Bu zəngin təcrübənin yeni klubunuzda sizə nə kimi faydası olacaq?
-Artıq 5 ildir ki, peşəkar basketbol oynayıram. Hiss edirəm ki, topladığım bu təcrübədən komandamızın gənc və inkişafda olan basketbolçularına kömək etmək üçün istifadə edə biləcəyəm. Ən əsası, artıq mövsüm başlayanda meydanda bizi nələrin gözlədiyini yaxşı bilirəm.
-FIBA Avropa Kubokunda Estoniyanın “Parnu” klubu ilə qarşılaşacaqsınız. Bu cütlükdə “Neftçi”nin şanslarını necə qiymətləndirirsiniz?
-İnanıram ki, öz oyun sistemimizə sadiq qalsaq və rəqibin oyunlarını düzgün təhlil etsək, bu qarşılaşmada qalib gəlmək şansımız çox yüksək olacaq.