Sahib Məmmədov: Taxılçılığın inkişafı dövlətin əsas strateji istiqamətlərindən biridir
Bakı, 27 may, AZƏRTAC
Taxılçılığın inkişafı dövlətin əsas strateji istiqamətlərindən biridir.
AZƏRTAC xəbər verir ki, bu sözləri İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov jurnalistlərə müsahibəsində deyib.
Onun sözlərinə görə, taxılçılığın inkişafının başlıca istiqamətlərindən biri əhalinin çörək və un məmulatlarına olan tələbatının təmin edilməsi, eyni zamanda, yeyinti sənayesinin xammal bazasının təminidir. Sözügedən sahənin inkişafı, eyni zamanda, kənd təsərrüfatının alt sahələri olan heyvandarlıq və quşçuluğun yem bazasında da əhəmiyyətli rola malikdir: “Bu sahənin prioritetliyi nəzərə alınaraq genişmiqyaslı dövlət tədbirləri həyata keçirilir. Bildiyiniz kimi, kənd təsərrüfatı məhsulları istehsalçıları 2024-cü ilədək torpaq vergisi istisna olmaqla, bütün vergilərdən azaddırlar. Bundan başqa, çoxillik əkinlərin yetişdirilməsi üçün bu istiqamətdə istifadə edilən yanacaq və mühərrik yağlarına görə hər hektara dövlət büdcəsindən 50 manat, əlavə olaraq isə taxıl istehsalçılarına hər hektara görə 40 manat subsidiya verilir”.
Nazir müavini vurğulayıb ki, bu dəstək tədbirləri taxılçılığın inkişafında çox ciddi dönüş yaradıb. Yeni yaradılan Azərbaycan Taxıl İstehsalçıları və Emalçıları Assosiasiyası da bu sahənin inkişafına öz töhfəsini verəcək.