Sahibkarlar və gənc menecerlər üçün seminar keçirilmişdir
Bakı, 5 noyabr (AZƏRTAC). Bakı Biznes Tədris Mərkəzində “Azərbaycan Respublikasında biznesin idarə olunması sahəsində kadrların ixtisasının artırılması üzrə Azərbaycan-Almaniya birgə Proqramı” çərçivəsində sahibkarlar və gənc menecerlər üçün seminar keçirilmişdir.
İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, seminarda çıxış edən Almaniyanın Federal İqtisadiyyat və Texnologiyalar Nazirliyinin nümayəndəsi Ute Leypold, Bakı Biznes Tədris Mərkəzinin direktoru Akif Fərruxov, Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) layihələr üzrə rəhbəri Ronald Şults, layihələr üzrə meneceri Lyudmila Metzdorf, beynəlxalq ekspert Vladislav Belov, Almaniyanın tədris mərkəzlərinin nümayəndələri “Azərbaycan Respublikasında biznesin idarə olunması sahəsində kadrların ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı” və ixtisasartırma kurslarının uğurlu nəticələri barədə məlumat vermişlər. Qeyd edilmişdir ki, proqramın icra olunduğu beş il ərzində iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 173 sahibkar və gənc menecer Almaniyanın Karl Dyusberq, Baden-Vüttenberq və digər tədris mərkəzlərində, Berlin və Bonn şəhərlərindəki müəssisələrdə təlim və təcrübə keçmişlər.
Tədbirdə ixtisasartırma kursunun iştirakçısı olmuş menecerlər təqdimatla çıxış etmiş, proqram çərçivəsində Almaniyanın müvafiq şirkətləri ilə yaradılmış işgüzar əlaqələr və imzalanmış biznes müqavilələri barədə məlumat verilmişdir.
Qeyd edək ki, 2014-cü ildə “Azərbaycan Respublikasında biznesin idarə olunması sahəsində kadrların ixtisasının artırılması üzrə Azərbaycan-Almaniya birgə Proqramı” çərçivəsində sahibkarların və menecerlərin “İqtisadi kooperasiya” üzrə ixtisasartırma kurslarına göndərilməsi məqsədi ilə bu il oktyabrın 29-da başlamış müsabiqə başa çatmışdır. Müsabiqədə Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində fəaliyyət göstərən 78 sahibkar və gənc menecer iştirak etmişdir. Müsabiqənin nəticələri barədə ictimaiyyətə açıqlama veriləcəkdir.