Şahmar Mövsümov: Azərbaycanda hazırda koronavirusla bağlı vəziyyət sabitləşib
Bakı, 25 may, AZƏRTAC
Bildiyiniz kimi, 2020-ci ildə başlamış pandemiya hələ də davam edir. Bir çox ölkələr müxtəlif dalğalardan keçir və xəstələrin sayı dünyada hələ də artmaqda davam edir. Bu gün bir neçə ölkə hətta tam qapanma - lokdaun şəraitində yaşayır. Hazırda Azərbaycanda koronavirusla bağlı vəziyyət sabitləşib, xəstələrin, xəstəxanalarda olan xəstələrin sayı azalır, gündəlik yoluxmalar demək olar ki, sabitləşib.
AZƏRTAC xəbər verir ki, bu sözləri Nazirlər Kabineti yanında Operativ Qərargahın mayın 25-də təşkil etdiyi brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının iqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.