Şahmat üzrə dünya çempionatında növbəti turların oyunları keçiriləcək
Bakı, 27 dekabr, AZƏRTAC
Varşavada blits və rapid üzrə dünya çempionatı davam edir.
AZƏRTAC xəbər verir ki, çempionatın rapid yarışının ikinci günündə - dekabrın 27-də kişi şahmatçılar 6-7, qadınlar isə 5—8-ci turlarda mübarizə aparacaqlar.
Qeyd edək ki, çempionatın birinci günündə qadın şahmatçılar rapid üzrə 4, kişilər isə 5 turda yarışıblar. Təmsilçilərimizdən Zeynəb Məmmədyarova 4 turda 3 xal toplayaraq 14-cü pillədə qərarlaşıb. Digər qadın şahmatçılarımız Gövhər Beydullayeva 2, Türkan Məmmədyarova və Xanım Balacayeva 1,5, Gülnar Məmmədova isə 1 xal toplayıblar.
Kişilərin yarışında şahmatçımız Şəhriyar Məmmədyarov 5 turda 3,5 xal toplayaraq 26-cı yerdə qərarlaşıb. Məhəmməd Muradlı 3, Vasif Durarbəyli, Rauf Məmmədov 2,5, Vüqar Əsədli, Aydın Süleymanlı və Xəzər Babazadə hərəyə 2 xal toplayıblar.
Dekabrın 30-dək davam edəcək dünya çempionatının mükafat fondu 1 milyon ABŞ dolları təşkil edir.
Qeyd edək ki, son dünya çempionatında - 2019-cu ildə Moskvada keçirilən analoji yarışda kişilər arasında Maqnus Karlsen həm rapid, həm də blits üzrə yarışların qalibi olub. Qadınların yarışında isə Hindistan şahmatçısı Humpu Koneru rapid, rusiyalı Katerina Laqno isə blits üzrə dünya çempionatının qalibi adını qazanıblar.