Saksoniya birtərəfli qaydada sərhəd nəzarəti tətbiq etmək niyyətindədir
Berlin, 17 mart, AZƏRTAC
Almaniyanın Daxili İşlər Nazirliyi hələ ki, sığınacaq axtaran şəxslərin sayının artması ilə bağlı sərhəd nəzarəti tətbiq etməyi nəzərdə tutmur.
AZƏRTAC xəbər verir ki, bununla yanaşı, Saksoniya federal əyalətinin Daxili İşlər Nazirliyi öz torpaqlarının sərhədində bu tədbiri görmək niyyətindədir. Əyalətin daxili işlər naziri Armin Şuster son tədbir olaraq sərhəd nəzarətinin tətbiqini istisna etməyib. O hesab edir ki, federal hökumətin yaxın vaxtda öz siyasi kursunu dəyişməyəcəyi və başqa dövlətlərlə əməkdaşlıq etməyəcəyi təqdirdə, Almaniyaya təzyiqlər azalmayacaq. Şuster bəyan edib: “Almaniyanın təcrid olunması davam edərsə, digərləri onu arxasınca aparacaq. İzolyasiyada olduğumuz şəraitdə biz təkrar miqrasiyaya məruz qalacayıq. Belə davam edərsə, mən ardıcıl sərhəd nəzarətinin tətbiqinə çağırıram. Ola bilər ki, sığınacaq üçün müraciət edənlərə imtina etməyin mümkün olacağı tranzit mərkəzləri də yaradılsın”.
Saksoniya rəsmisi gələcəkdə qaçqınların qəbulu üzrə əlavə federal proqramlardan da imtina etməyə çağırıb. Əgər Almaniyanın federal daxili işlər naziri Nensi Fezer və federal xarici işlər naziri Annalena Beerbok federal əyalətlərlə məsləhətləşmədən qaçqınların könüllü qəbulu proqramları ilə bağlı qərarlar qəbul edərlərsə, Saksoniya DİN-in rəhbərinin sözlərinə görə, bu, “federal hökumətin özünün bu insanlarla məşğul olması üçün sınaq poliqonuna çevriləcək”.
Şuster hesab edir ki, miqrant axınının əvvəlki rejimdə davam edəcəyi təqdirdə, Almaniyaya bu il sığınacaq almaq üçün 350 mindən 400 minədək insan müraciət edə bilər.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin