Salxab Məmmədov: Rəssamlıq Akademiyası olaraq türk dövlətləri ilə əlaqələrimizi daha da möhkəmləndiririk
Bakı, 24 noyabr, Gülay Nəzərova, AZƏRTAC
Bu günlərdə Azərbaycan Rəssamlıq Akademiyası olaraq türk dövlətləri ilə əlaqələrimizi səmimi əməkdaşlıq çərçivəsində daha da möhkəmləndiririk. Xalqlarımız qardaş xalqlardır və köklərimiz Türk dünyasına uzanır. Bu baxımdan qərara gəldik ki, rəssamlarımız və tələbələrimiz türkdilli ölkələrlə münasibətlərini gücləndirsinlər. Türkdilli dövlətlərin ali təhsil müəssisələrinin rəhbərlərinin iştirakı ilə Rektorlar Şurasının ilk iclasının keçirilməsi buna mühüm təkan verib və əməkdaşlıqların genişləndirilməsinə zəmin yaradıb.
Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Rəssamlıq Akademiyasının Beynəlxalq əlaqələr üzrə prorektoru, Xalq rəssamı, professor Salxab Məmmədov deyib.
Onun sözlərinə görə, türk dövlətlərinin rəssamlıq akademiyalarının koordinasiyası üçün bir mərkəz yaratmaq zəruri idi və bu baxımdan qərara alınıb ki, Bakı, Azərbaycan koordinasiya mərkəzi olsun. Əsas məqsəd tələbələrin bir-biri ilə tanışlığını təmin etmək, sənətlə bağlı bilik və bacarıqlarını artırmaq, həmçinin gənclər arasında dostluq münasibətlərini möhkəmləndirməkdir. Belə münasibətlər gənclikdən başlayaraq uzun müddət davam edə bilər.
Professor vurğulayıb ki, Qarabağ mövzusuna həsr olunmuş layihələr də uğurla həyata keçirilir. Tələbələr tərəfindən yaradılan əsərlər həm yerli, həm də xarici sərgilərdə nümayiş etdirilir. Bu fəaliyyətlər gənclərimizi Azərbaycan mədəniyyəti ilə daha yaxından tanış edir və onların yaradıcılığını dünya səviyyəsinə çıxarmağa imkan yaradır.
“Bu toplantı və yaradılan rektorlar şurası Azərbaycan üçün tarixi əhəmiyyət daşıyır və gələcəkdə əməkdaşlıqların inkişafına mühüm zəmin yaradacaq,” – deyə o əlavə edib.
Qeyd edək ki, Rektorlar Şurasının koordinatoru Azərbaycan Rəssamlıq Akademiyasının Beynəlxalq əlaqələr üzrə prorektoru, Xalq rəssamı, professor Salxab Məmmədovdur.