Salyanda tüstüdən zəhərlənənlər xəstəxanadan evə buraxılıb YENİLƏNİB
Salyan, 5 dekabr, Aydın Yavərzadə, AZƏRTAC
Dekabrın 5-də Salyan rayonundakı Noxudlu kənd orta məktəbində tüstünün təsiri nəticəsində zəhərlənmə hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, məktəbdə yanacaq sobasının tüstüləməsi nəticəsində ümumilikdə 20 nəfər, o cümlədən 14-ü şagird olmaqla Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, təcili tibbi yardım şöbəsinə tüstüdən zəhərlənənlər hospitalizasiya olunub. Zərərçəkənlərə zəruri tibbi xidmətlər göstərilib. Onların vəziyyəti stabil qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıblar.
17:24
Salyan rayonunda məktəbdə tüstünün təsiri nəticəsində zəhərlənmə hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə Salyan rayonunun Noxudlu kənd məktəbində qeydə alınıb. Məlumata əsasən, məktəbdə odunla qızdırılan sobanın tüstüləməsi nəticəsində 13-ü şagird olmaqla ümumilikdə 19 nəfər Salyan Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Xəstəxanadan bildirilib ki, dekabrın 5-i saat 13:40 radələrində təcili yardım şöbəsinə 14-ü qadın, 5-i kişi olmaqla 19 nəfər tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya olunub. Pasiyentlərin hamısına zəruri tibbi yardım göstərilib. Onlardan vəziyyəti stabil olan 11 nəfər ambulator müalicə üçün evə buraxılıb.
Hazırda 8 nəfərin stasionar müalicəsi davam etdirilir və vəziyyətlərinin stabil olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.