Şamaxı Astrofizika Rəsədxanasında onlayn astroseminar keçirilib
Bakı, 17 avqust, AZƏRTAC
AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar keçirilib. COVID-19 pandemiyası ilə əlaqədar respublika ərazisində tətbiq edilən sərtləşdirilmiş karantin qaydalarına uyğun olaraq tədbir “Zoom” proqramı vasitəsilə onlayn şəkildə baş tutub.
Bu barədə AZƏRTAC-a Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib. Bildirilib ki, seminara rəhbərlik edən fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Bayram Rüstəmov təqdim olunacaq məruzənin mövzusu haqqında məlumat verib.
Sonra rəsədxananın Ulduz atmosferləri fizikası və maqnetizm şöbəsinin aparıcı elmi işçisi, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Sabir Əliyev “Qoca Veronikanın Saçları ulduz topasına aid olan 17 Com maqnit ulduzunun kompleks tədqiqi” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi tədqiqat işində 17 Com maqnit ulduzunun fotometrik, maqnit və spektral dəyişən maqnit müşahidələr əsasında kompleks tədqiq edildiyini bildirib. Diqqətə çatdırıb ki, işin əsas məqsədi daha çox təkamül etmiş bu ulduzun atmosferinin əsas parametrlərini və təkamül statusunu müəyyənləşdirərək eyni tip cavan maqnit ulduzları ilə müqayisə etməkdən ibarətdir. Aparılan tədqiqatlar zamanı 17 Com maqnit ulduzunun baş ardıcıllığın ən çox təkamül edən ulduzları qrupuna aid olması aşkar edilib.