Şamaxı Astrofizika Rəsədxanasının 60 illiyinə həsr olunmuş Beynəlxalq konfrans işə başlamışdır
Şamaxı, 4 noyabr (AZƏRTAC). Noyabrın 4-də Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının 60 illik yubileyinə həsr olunmuş Beynəlxalq konfrans öz işinə başlamışdır.
AZƏRTAC xəbər verir ki, AMEA-nın və Şamaxı Astrofizika Rəsədxanasının birgə təşkilatçılığı ilə keçirilən konfransda dünyanın bir sıra ölkələrindən, o cümlədən Almaniya, Rusiya, Ukrayna, Türkiyə, Gürcüstan, Hindistan və Tacikistandan gəlmiş nüfuzlu elm xadimləri iştirak edirlər.
AMEA-nın vitse-prezidenti akademik Akif Hacıyev konfrans iştirakçılarını salamlayaraq rəsədxananın yaranması və 60 ildə keçdiyi yol, onun Azərbaycan, eləcə də dünya elminə verdiyi töhfələr barədə danışmışdır.
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri akademik Arif Mehdiyev elmi mərkəzin uğurlarından, fəza cisimlərinin tədqiqi sahəsindəki perspektivlərdən bəhs etmişdir. Akademik vurğulamışdır ki, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində bu gün rəsədxana dünyanın ən müasir elm mərkəzlərindən birinə çevrilmişdir.
Ölkə başçısının Astrofizika rəsədxanasına göstərdiyi diqqətdən danışan Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev məlumat vermişdir ki, Prezident İlham Əliyevin iki Sərəncamı ilə ayrılmış vəsait hesabına rəsədxanada ümumilikdə 8 milyon manatlıq əsaslı təmir və yenidənqurma işləri aparılmışdır.
Konfransda Ukrayna Beynəlxalq Aerokosmik Akademiyasının kafedra müdiri, professor Oleq Jeleznyak, “Kiyev Planetarium” Mərkəzinin direktoru Klim Çuryumov, Türkiyənin Boğaziçi Universitetinin professoru Atila Özgüç, Hindistanın Maharaşta Universitetinin nümayəndəsi Sarand Nandedkar və başqaları çıxış edərək rəsədxananın kollektivini təbrik etmiş, gələcək işlərində uğurlar arzulamışlar.
Yubiley münasibətilə Avropa Astronomiya İttifaqından, Moskva Dövlət Universitetinin Şternberq adına Dövlət Astronomiya İnstitutundan, Gürcüstanın Abastuman rəsədxanasından, Qazaxıstanın Almatı rəsədxanasından və digər elm ocaqlarından və elmi təşkilatlardan göndərilmiş təbrik məktubları oxunmuşdur.
Rəsədxananın rəhbərliyinə ayrı-ayrı elm mərkəzlərindən göndərilmiş hədiyyələr təqdim olunmuşdur.
Şamaxı Astrofizika Rəsədxanasının direktoru Əyyub Quliyev nümayiş etdirilən videoçarx əsasında iştirakçılara dünya şöhrətli elm mərkəzinin inkişaf yolu, qazandığı uğurlar barədə qısa şərh vermişdir.
Konfrans öz işini sabah davam etdirəcəkdir.