MƏDƏNİYYƏT
Şamaxıda növbəti Üzüm və Şərab Festivalı başlayıb
Şamaxı, 7 sentyabr, A.Suvar, AZƏRTAC
Sentyabrın 7-də Dövlət Turizm Agentliyi və Şamaxı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şamaxı şəhərinin Meysəri kəndində növbəti Üzüm və Şərab Festivalı təşkil olunub.
AZƏRTAC xəbər verir ki, artıq üçüncü dəfə keçirilən festivalın məqsədi yerli üzüm və şərab istehsalının təşviqi, ölkəmizdə üzümçülük və şərab istehsalı tarixini, bu sahədə görülən işləri geniş ictimaiyyətə çatdırmaqdır.
“Şirvan şərabları” MMC-nin üzümçülük və şərabçılıq kompleksinin ərazisində təşkil olunan festivalda ziyarətçilər üzüm istehsalı və şərabçılıq, Azərbaycanın turizm potensialı ilə daha yaxından tanışlıq imkanı qazanacaq, müxtəlif əyləncə və şou proqramlar təqdim olunacaq.
Festivalda yerli və xarici istehsalçıların şərab məhsullarının dequstasiyaları təşkil ediləcək, şərab evlərinin maraqlı hekayələrini izləmək imkanı yaradılacaq. Ölkəmizin ayrı-ayrı bölgələrindən olan üzüm emalı və şərab istehsalı zavodları çeşidli şərablarını nümayiş etdirəcək, ziyarətçilər bəyəndikləri məhsulları ən sərfəli qiymətə əldə edə biləcəklər.
Üzüm və Şərab Festivalı həm də şərab istehsalçılarına yeni işgüzar əlaqələr qurmaq, məhsullarını geniş auditoriyaya tanıtmaq üçün gözəl fürsət yaradır. Həmçinin Azərbaycanda ənənəvi təşkil olunan Üzüm və Şərab Festivalı yerli sakinlər və turistlərin böyük marağına səbəb olur.
Azərbaycanın üzüm sortları – Ağ şanı, Qara şanı, Mədrəsə, Meysəri, Təbrizi və digərləri ölkəmizi nəinki sovet məkanında, bütün dünyada şərabçılıq və üzümçülük ölkəsi kimi məşhurlaşdırmışdı. Ancaq təəssüflər olsun ki, müstəqilliyimizin ilk illərində bu sahə tənəzzülə uğradı. Hazırda bu gün Azərbaycanda üzümçülük yenidən öz inkişaf dövrünü yaşayır. Prezident İlham Əliyev tərəfindən bu sahənin inkişafı ilə bağlı mühüm qərarlar, dövlət proqramları qəbul edilib. Aqrar sahənin digər istiqamətləri kimi, şərabçılığa da dövlət dəstəyi göstərilir, subsidiyalar, güzəştli kreditlər verilir.
Festivalın məkanı kimi Şamaxının seçilməsi heç də təsadüfi deyil. Şamaxı hələ qədimdən poeziyanın, musiqinin vətəni olmaqla yanaşı, həm də üzümçülüyün inkişaf etdiyi bölgələrimizdən biri, üzüm istehsalının paytaxtı kimi məşhurdur.
Şamaxıda üzümçülüyün inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ötən əsrin 70-80-ci illərində rayonda 37 min hektar üzüm bağı var idi. Məhsuldarlıq ildə 240 min tondan çox idi. Müstəqilliyimizin ilk illərində bu sahə diqqətdən kənarda qaldı, üzüm bağlarının əksəriyyəti məhv oldu. Amma bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə üzümçülüyün inkişafı yenidən dövlət səviyyəsində dəstəklənir. Hazırda rayonda yeni salınan üzüm bağlarının ərazisi 1,7 min hektardan çoxdur.
Əlbəttə, bu cür tədbirlərin keçirilməsi şərabçılıq və üzümçülük sahəsinin inkişafı üçün çox böyük əhəmiyyət kəsb edir.
İki gün ərzində saat 14:00-dan 21:00-dək davam edəcək festival ərazisi müxtəlif interaktiv zonalara bölünəcək: dequstasiya, əyləncə, yemək, suvenir satışı, master-klaslar, o cümlədən şərabla rəsm master-klası, açıq havada film nümayişi. Üzüm və Şərab Festivalı əyləncə və məhsul bayramı ilə yanaşı, həm də şərab istehsalçılarına yeni işgüzar əlaqələr qurmaq, məhsullarını geniş auditoriyaya tanıtmaq üçün gözəl fürsətdir. Festivalda Azərbaycandan və digər ölkələrdən bir sıra sevilən sənətkarlar, qruplar çıxış edəcəklər. Şərab istehsalçıları, şərabçılıq turizmi ilə əlaqəli sənaye nümayəndələri, rəsmi və media nümayəndələri daxil olmaqla festivalda gündəlik olaraq mindən çox insanın iştirakı nəzərdə tutulur.
Festival sentyabrın 8-dək davam edəcək.
Qeyd edək ki, Dövlət Turizm Agentliyi tərəfindən Azərbaycanın beynəlxalq səviyyədə tanınan yerli üzüm sortlarının və şərab növlərinin mövcudluğu nəzərə alınaraq şərabçılıq turizminin beynəlxalq səviyyədə təbliğatı aparılır. Ölkəmizdə qərb, şimal və şimal-qərb turizm marşrutları üzrə, o cümlədən Xocavənd rayonunun Tuğ qəsəbəsində mövcud qədim şərabçılıq ənənələrinin yaşadılması və turizm məqsədli istifadəsi əsas inkişaf istiqamətləri sırasındadır.
Azərbaycan 20 ölkənin şərabçılıq marşrutunu özündə birləşdirən, Avropa Şurası və Avropa Mədəni Marşrutlar İnstitutu tərəfindən şərab irsi və şərabçılıq turizmini, eləcə də dayanıqlı turizm növlərini təşviq etmək məqsədilə yaradılmış “İter Vitis” maddi və qeyri-maddi şərabçılıq mədəni marşrutunun üzvüdür.