Şamaxının Mərzəndiyə kəndi uzun illərdən sonra içməli su ilə təmin olunub
Şamaxı, 6 sentyabr, AZƏRTAC
Şamaxı rayonunun Mərzəndiyə kəndində içməli su layihəsinin birinci mərhələsinin açılış mərasimi olub.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) AZƏRTAC-a bildirilib ki, açılış mərasimindən əvvəl bu münasibətlə Şamaxı şəhərində tədbir keçirilib.
Tədbirdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin birinci müavini Xəyyam Məmmədov, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan Regional Su Meliorasiya Xidmətinin İdarə Heyətinin sədri Zakir Quliyev, “Coca-Cola” şirkətinin və “Eco Hub” təşkilatının nümayəndələri iştirak ediblər.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin birinci müavini Xəyyam Məmmədov çıxışında bildirib ki, Mərzəndiyə kəndinin içməli su təchizatı layihəsinin həyata keçirilməsi kənd sakinlərinin illərlə gözlədiyi arzu idi: "Artıq bu arzu reallığa çevrilir və bu, dövlət, özəl sektor və ictimai təşkilatların birgə əməkdaşlığının gözəl bir nümunəsidir. Layihə çərçivəsində su mənbəyi olaraq Şamaxı şəhərinin Pirsaat su mənbəyi seçilib. Bu kənddə ilk dəfə olaraq dayanıqlı su təminatını gerçəkləşdirdik. Layihənin ikinci mərhələsi üzrə işlər davam edir və 2025-ci ilin noyabr ayında tam başa çatacaq".
Sədrin birinci müavini xüsusi olaraq vurğulayıb ki, bu uğurun əldə edilməsində birgə əməkdaşlığın rolu danılmazdır: "Maliyyə dəstəyinə görə “Coca-Cola” şirkətinə, ekoloji dəstəyinə görə “Eco Hub” təşkilatına, həmçinin Şamaxı Rayon İcra Hakimiyyətinin komandasına dərin minnətdarlığımı bildirirəm. Layihə birgə əməkdaşlıq sayəsində uğurla reallaşdı. Biz inanırıq ki, bu cür təşəbbüslər gələcəkdə daha geniş vüsət alacaq və ölkəmizin regionlarında dayanıqlı inkişafın əsasını təşkil edəcək", - deyə Xəyyam Məmmədov bildirib.
Çıxış edən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan Regional Su Meliorasiya Xidmətinin İdarə Heyətinin sədri Zakir Quliyev qeyd edib ki, Mərzəndiyə kənd sakinləri bu günü səbirsizliklə gözləyirdilər. Artıq onlar keyfiyyətli və dayanıqlı içməli su ilə təmin olunurlar. Zakir Quliyev əlavə edib ki, bu layihə dövlət qurumları və təşkilatların birgə əməkdaşlığı ilə həyata keçirilir: "Hazırda ölkəmizin əksər bölgələrində əhalinin içməli və suvarma su təminatı ilə bağlı böyük layihələr icra olunur. Belə layihələr bundan sonra davam etdiriləcək. Əsas məqsəd kənddə yaşayan ailələrin dayanıqlı və keyfiyyətli içməli, o cümlədən suvarma suyu ilə təmin olunmasıdır".
Tədbirdən sonra qonaqlar Mərzəndiyə kəndində yaşayış məntəqəsinə içməli suyun verilişi ilə bağlı keçirilən açılış mərasimində iştirak ediblər. Açılış mərasimində bildirilib ki, Mərzəndiyə kəndi 1350 nəfərlik əhalisi, 220 ev təsərrüfatı ilə Şamaxı rayonunun mühüm yaşayış məntəqələrindən biridir. Layihə iki mərhələdə həyata keçirilir. Hazırda birinci mərhələ üzrə işlər yekunlaşıb, ikinci mərhələnin icrası isə davam edir.
Kənd sakinləri layihənin icrasında əməyi olan hər kəsə, təşkilatçılara, mühəndislərə, bu sahədə çalışan işçilərə və dəstək verən bütün qurumlara təşəkkürlərini bildiriblər.
Qeyd edək ki, layihə zamanı suburaxıcılar, havaburaxıcı qurğular, müxtəlif ölçülü siyirtmələr və digər zəruri avadanlıqlar quraşdırılıb, 110 evə su verilib. Sayğaclaşdırma prosesi mərhələli şəkildə aparılır. Hazırda layihənin icrası davam edir və yaxın zamanda 220 evin hər birinə fərdi su çıxışı veriləcək. Layihə çərçivəsində Pirsaat çayı üzərində yerləşən Nəsimi Nasos Stansiyasından 100 m³/saat məhsuldarlığa və 45 kVt gücə malik nasos aqreqatı vasitəsilə 5628 metr uzunluğunda, diametri 110 millimetr olan polietilen borularla su xətti çəkilib. Onun 1400 metri Şamaxı Rayon İcra Hakimiyyəti tərəfindən inşa olunub. Kəndin yuxarı hissəsində 63 kubmetr həcmində su çəni quraşdırılıb. Ümumilikdə isə 6900 metr uzunluğunda müxtəlif diametrli yeni su şəbəkəsi qurulub.