Samir Qurbanov: Karxana və qum-çınqıl yataqlarında istifadə olunan qurğular köhnə avadanlıqlardır
Bakı, 14 dekabr, AZƏRTAC
İstər karxanalarda, istərsə də qum-çınqıl yataqlarında istifadə olunan qurğular köhnə avadanlıqlardır. Bunlar heç bir müasir standartlara cavab vermir və təbiətə çox ciddi şəkildə zərər vururlar. Eyni zamanda, resurslarımızın səmərəli istifadəsi təmin olunmur. Bir sıra dövlət qurumları buna nəzarət edirlər. Bu, xüsusilə də Fövqəladə Hallar Nazirliyinin nəzarətində olan məsələlərdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi olaraq həyəcan təbili çalmağa başlamışıq. Çünki bu sahədə islahatlar təkcə ekologiyanın qorunması üzərində deyil, həmçinin avadanlıqların yenilənməsi ilə də nəticələnməlidir. Avadanlıq yenilənərsə, sahibkar üçün yeni imkanlar açılar. Bank sektoru müəyyən maliyyə resursları ayırmaqla, lizinq yolları ilə avadanlıqların sahibkara verilməsini təmin edə bilər. Sahibkarlar bu təklifdən istifadə edə bilərlər. Yəqin ki, növbəti ildə aparılacaq islahatlar nəticəsində bu sahədə də yeniliklər olacaq. Həmin yeniliklər həm sahibkarlar üçün fayda verəcək, həm də bu sahədə yeni addımların atılması nazirlik olaraq bizi sevindirəcək.
Bunu AZƏRTAC-a açıqlamasında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin sədri Samir Qurbanov deyib.
S.Qurbanov bildirib ki, respublikada 1000-ə yaxın yataq var və mütəmadi olaraq həmin yataq ərazilərində müşahidələr aparılır: “Yataqların inventarizasiyası aparılır, orada olan ehtiyatlar qiymətləndirilir. Monitorinqlər nəticəsində bir çox pozuntu halları, qanunvericilikdən kənar fəaliyyət növləri aşkarlanıb. Bir çox hallarda sahibkarlar normadan artıq hasilat işləri aparırlar, bu da qaydaların pozulması deməkdir. Agentlik bununla bağlı öz səlahiyyətləri çərçivəsində tədbirlər görür. Lazım gəldikdə, hüquq-mühafizə orqanlarına müraciət edilir. Bu da tədbirlərin daha təsirli olması ilə nəticələnir”.