İQTİSADİYYAT
Samir Şərifov: Azərbaycan yeni iqtisadi inkişaf modelinə keçir
Bakı, 26 yanvar, AZƏRTAC
Azərbaycan yeni iqtisadi inkişaf modelinə keçir. Əvvəllər daha çox neft sahəsindən əldə etdiyimiz gəlirləri ölkə iqtisadiyyatına yönəldirdik, dövlət tərəfindən iri həcmli investisiyalar həyata keçirilirdi. Bu gün biz iqtisadi inkişaf modelimizi bir qədər dəyişdiririk.
Bu fikirləri maliyyə naziri Samir Şərifov AZƏRTAC-a müsahibəsində bildirib.
Nazir deyib ki, ölkə iqtisadiyyatı daha çox qeyri-neft sektoru hesabına inkişaf etməlidir. Bunun üçün müvafiq şərait yaradılmalıdır. Dövlətimizin başçısının bugünkü çıxışında da qarşıya müvafiq tapşırıqlar və vəzifələr qoyulub. Həm dövlət və hökumət orqanlarına, həm də özəl sektora müəyyən inkişaf istiqamətləri tövsiyə olunub. Əsasən də yerli xammal bazasında fəaliyyət göstərən, idxalı əvəzləyən, yaxud ixracyönümlü müəssisələrin yaradılması prioritet istiqamətdir.
“Bugünkü bölmə iclasında da məhz bu məsələlər müzakirə olunurdu. Hesab edirəm ki, faydalı fikir mübadiləsi aparıldı: əsasən aqrar sahədə nə kimi işlər görülə bilər ki, iş yerlərinin açılması daha da sürətlənsin, əlavə iş yerləri açılsın. Sahibkarlar üçün əlavə imkanlar yaradılsın ki, onlar bu iş yerlərinin açılmasını reallaşdıra bilsinlər. Burada müəyyən maliyyə məsələləri müzakirə edildi. O cümlədən sahibkarlara maliyyə resurslarına çıxış imkanlarını hansı yollarla təqdim edə bilərik, ölkədə yeni müəssisə, zavod, fabrik açmaq istəyən sahibkarlara texnoloji avadanlığın ölkəyə idxal edilməsi ilə bağlı dövlət tərəfindən nə kimi güzəştlər verilə bilər? Bu və digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı”, - deyə S.Şərifov qeyd edib.