İQTİSADİYYAT
Samux rayon ərazisində 12000 hektardan artıq taxıl səpilib



Bakı, 26 sentyabr, AZƏRTAC
Bu il subartezian quyularında 183 ədəd nasos, 14 ədəd elektrik avadanlığı təmir edilib. Nasos stansiyalarda isə mexaniki və elektrik avadanlıqları təmir edilib. Samux rayonu ərazisində hazırda subartezian quyularında bərpa işləri aparılır, yeni subartezian quyuları qazılır.
AZƏRTAC xəbər verir ki, bunu Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Dilqəm Şərifov bildirib. Onun sözlərinə görə, Samux suvarma sistemləri idarəsi, rayonun 30000 hektara yaxın suvarılan torpaqlarına xidmət edir. İdarənin balansında 580 ədəd subartezian quyusu və 26 ədəd nasos stansiyaları, 30 ədəd maşın-mexanizm var ki, bunların da hər biri işlək vəziyyətdədir. Əkin sahələrinin suvarılması üçün uzunluğu 726 km-dən uzun olan təsərrüfatdaxili və təsərrüfatarası kanallar mövcuddur. Bundan 65,5 km təsərrüfatlarası, 658 km-i isə təsərrüfatdaxili kanallardır.
D.Şərifov əlavə edib ki, kanallar üzərində 3 km suötürücü kanal və 63 ədəd hidrotexniki qurğu da istismar olunur. Suvarmanın mütəşəkkil və itkisiz aparılması üçün kanallarda və çaylarda lildən təmizləmə işləri aparılır.
İdarə tərəfindən kanallarda suyun maneəsiz ötürülməsi üçün əl ilə lildən təmizləmə, kol-kosun təmizlənməsi, boru xətlərinin və hidrotexniki qurğuların təmiri, betonlanma işlərinin aparılması cari və əsaslı təmir işləri həyata keçirilir.
Hazırda qazılmaqda olan və bərpası aparılan quyular vasitəsilə sakinlərin suya olan tələbatı ödənilir. Artıq sudan çətinlik çəkən ərazilərdə də bu problem həllini tapır.
Qeyd edək ki, Samux rayon ərazisində bu il 12000 hektardan artıq taxıl, 770 ha xəsil və 800 ha təzə yonca səpilib. Əkilən taxıl sahələri suvarma suyu ilə təmin olunub və biçilərək götürülüb. Qalan bitkilərin suvarılması isə davam etdirilir.