SƏBAİL RAYONUNDA PROBLEMLƏRİN HƏLLİ YOLLARI MÜZAKİRƏ OLUNMUŞDUR
Yığıncaqda bir sıra məsələlər, eləcə də Azərbaycanda ekoloji vəziyyətin yaxşılaşdırılması ilə bağlı iyulun 4-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilmiş müşavirədə qaldırılan problemlərlə bağlı Səbail rayonunun idarə, müəssisə və təşkilatlarının qarşısında duran vəzifələr müzakirə olunmuşdur.
Yığıncağı giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Sahib Ələkbərov rayonda görülən işlərdən danışaraq dedi ki, həyata keçirilən tədbirlər qənaətbəxş deyildir. Ekologiya məsələləri və enerji təchizatı ilə bağlı problemlərin aradan qaldırılması istiqamətində görülən işlər sürətləndirilməlidir. Dövlətimizin başçısının tapşırıqları əsasında daha dəqiq fəaliyyət proqramı hazırlanmalı, 2006-2007-ci illərin payız-qış mövsümünə hazırlıq işləri layiqincə yerinə yetirilməlidir.
Rayonun ekoloji vəziyyəti ilə bağlı məlumat verildi. Qeyd olundu ki, rayon ərazisində zibilin daşınması, yaşıllıqların qorunması, çimərliklərdə normal şəraitin yaradılması və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, mərkəzi yolların və küçələrin abadlaşdırılması istiqamətində bir sıra irəliləyişlər əldə olunmuşdur. Lakin problemlər də çoxdur. Sahilyanı qəsəbələrdə bir neçə yerdən kanalizasiya suyu təmizlənmədən Xəzər dənizinə axıdılır, su çatışmazlığı üzündən bəzi sahələrdə yaşıllıqlar sıradan çıxır, istehsal müəssisələrinin tullantıları müxtəlif ərazilərin təmizliyini tamamilə pozur.
Çıxışlarda dəfələrlə vurğulandı ki, elektrik enerjisi, qaz, və su təchizatındakı mövcud problemlərin aradan qaldırılması üçün kompleks tədbirlər görülməli, eləcə də əhaliyə və inzibati binalara verilən elektrik enerjisinin, qazın, və suyun pulu vaxtında ödənilməlidir.
Qeyd olundu ki, ekoloji və enerji təchizatı problemlərini aradan qaldırmaq üçün aidiyyəti təşkilatlarla birgə, konkret tədbirlər proqramı hazırlanmalı, rayonun bütün strukturlarının əlaqəli fəaliyyəti təmin edilməlidir.
Sonda struktur rəhbərlərinə konkret tapşırıqlar verildi.