Səbaildə növbəti ümumrayon iməcliyi keçirilmişdir
Bakı, 5 noyabr (AZƏRTAC). Bakı şəhərinin mərkəzi rayonu olan Səbaildə ekoloji tarazlığın bərpası və ətraf mühitin təhlükəsizliyinin, insanların sağlamlığının təmin edilməsi, rayonda yaşıllıqların artırılması, yeni ağacların əkilməsi istiqamətində görülən işlər davam etdirilir.
Səbail rayonunda yaşıllıqların salınması və yeni ağacların əkilməsi ilə bağlı keçirilən növbəti genişmiqyaslı iməclik rayon icra hakimiyyətinin, təsərrüfat və digər xidmət kollektivlərinin çoxsaylı nümayəndələrinin - ümumilikdə 250 nəfərin iştirakı ilə sakinlərimizin və paytaxtımıza gələn çoxsaylı qonaqların geniş istifadə etdikləri yerdə - Bakının сənub-qərb giriş yolu olan “Şıx” yaşayış sahəsində, Salyan yolu boyunca keçirilmişdir.
Səbail Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a verilən məlumata görə, iməclik ərəfəsində hazırlıq işləri görülmüş, lazımi miqdarda ləvazimat toplanılmış, ağacların suvarılması üçün 5000 metr uzunluğunda yeni xətlər çəkilmiş, əkilmək üçün dekorativ ağac və gül kolları alınmışdır.
İlin əvvəlindən bu ərazilərdə təmizləmə işləri aparılmış, yol kənarlarından keçən kommunikasiya xətləri dəyişdirilmiş, “Dostluq parkı”ndan Lökbatan dairəsinə qədər ərazidə abadlıq işləri aparılmış, yeni torpaq qatı, yaşıl ot qatı salınmış, ağaclar və dekorativ kollar əkilmiş, əraziyə xüsusi yaraşıq verən yaşıllıq guşələri yaradılmışdır.
Həmin ərazisində yerləşən, keçən əsrin 70-ci illərində ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü və bilavasitə iştirakı ilə yaradılmış “Dostluq parkı”nın ərazisində yeni veloparkın yaradılması məqsədi ilə yenidənqurma işləri aparılmış, burada 20 mindən çox Eldar şamı, sərv ağacı və xaricdən gətirilmiş müxtəlif bəzək ağacları və kollar əkilmişdir.
İməclik zamanı 1000 ədəd yeni ağac əkilmiş, 7000 kvadratmetr sahəyə qazon otu səpilmiş, əlavə olaraq əvvəl əkilmiş 5000 ədəd ağaca qulluq göstərilmiş, ərazidə təmizlik işlərinə və ağacların suvarma məsələlərinə xüsusi fikir verilmişdir.
Yol kənarlarında əkilən ağaclar bu ərazidə ekoloji tarazlığın bərpası və ətraf mühitin təhlükəsizliyinin, insanların sağlamlığının təmin edilməsi, Səbail rayonunda yaşıllıqların artırılması, ərazinin gözəlləşməsi istiqamətində görülən işlərin davamı olmuşdur.
İlin sonuna kimi Səbail rayonunda ərazinin yaşıllaşdırılması, yaşıllıqlara qulluq və abadlıqla bağlı işlərin davam etdirilməsi nəzərdə tutulmuşdur.