ELM VƏ TƏHSİL
Sədiyar Qafarov: Məqsədim daha böyük bilik yarışlarında ölkəmizi layiqincə təmsil etməkdir
Bakı, 25 avqust, AZƏRTAC
Bu günlərdə Azərbaycan məktəblilərinin beynəlxalq olimpiadada növbəti qələbələrinin şahidi olduq. Şagirdlərimiz “IBO Challenge 2020” 31-ci Beynəlxalq Biologiya Olimpiadasında ölkəmizi layiqincə təmsil edərək böyük uğura imza atıblar. Onlar olimpiadada 1 qızıl, 3 gümüş medal qazanıblar. Gümüş medala layiq görülən mükafatçı, Təhsil Nazirliyinin tabeliyindəki Kimya-biologiya təmayüllü liseyin X sinif şagirdi Sədiyar Qafarov təəssüratlarını AZƏRTAC-ın müxbiri ilə bölüşüb.
S.Qafarov bildirib: “Beynəlxalq olimpiadaların hazırlıq mərkəzinə şagirdlər fənn müsabiqələri və ya respublika fənn olimpiadasının qalibləri arasından seçilir. VII sinifdə fənn müsabiqəsində bürünc medal əldə etmişdim. Bu nəticəmə əsasən məni olimpiada hazırlıq məşğələlərinə dəvət etdilər. Çünki fənn müsabiqəsinin məqsədi istedadlı uşaqların seçilməsidir. IX sinifdə imtahan verib böyük yaş qrupunda oldum. Lakin o vaxt komandaya seçilə bilmədim. Bu, məni ruhdan salmadı, daha çox üzərimdə çalışdım və nəticəsini gördüm. Bu il komandaya daxil ola bildim. Olimpiadada bu uğuru əldə etdim”.
O qeyd edib ki, olimpiadaya hazırlıq fənlərə kompleks yanaşma tələb edir. Burada təkcə biologiya fənnini oxumaqla kifayətlənmək olmaz. Kimya və fizika fənlərini də bilmək lazımdır. Ona görə də çoxlu kitab oxumalısan ki, biliyin daha artıq olsun. Çünki yarış zamanı sualı tez bir zamanda anlayıb düzgün şəkildə həll etmək lazımdır.
“Bu vaxta kimi digər olimpiadalarda da iştirak etmişəm. Respublika fənn olimpiadasında VIII və IX siniflərdə qızıl medal əldə etmişəm. Bu il “birincilərin birincisi” nominasiyasına layiq görülmüşəm və digər uğurlarım da var. Məqsədim bundan sonra daha böyük bilik yarışlarında ölkəmizi layiqincə təmsil etməkdir”, - deyə S.Qafarov vurğulayıb.