Səfir: Qarabağ münaqişəsinin başa çatması bölgədə iqtisadi əməkdaşlığı inkişaf etdirəcək
Moskva, 28 sentyabr, AZƏRTAC
İran, Azərbaycan və Rusiya “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin reallaşdırılması istiqamətində uğurla əməkdaşlıq edir və biz əminik ki, bu əməkdaşlıq öz nəticələrini verəcək.
Bu fikirləri İranın Rusiyadakı səfiri Kazım Cəlali AZƏRTAC-ın müxbiri ilə söhbətində söyləyib.
Səfirin sözlərinə görə, üç ölkə dəmir yollarının və avtomobil əlaqəsinin inkişafında da sıx qarşılıqlı fəaliyyət göstərir. “Dəmir yollarına gəldikdə biz “Rəşt-Astara” dəmir yolunun inşasının tezliklə başa çatacağına ümid bəsləyirik. Həmçinin İranın Çabahar və Zahedan şəhərləri arasında da dəmir yolu xətti tikilir”, - deyə səfir əlavə edib.
K.Cəlali Qarabağ münaqişəsinin başa çatması ilə bölgədə iqtisadi və humanitar sahədə əməkdaşlığın inkişaf edəcəyinə ümid bəslədiyini diqqətə çatdırıb.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva