İQTİSADİYYAT
ŞƏHƏR İNKİŞAFININ PROBLEMLƏRİNƏ HƏSR OLUNMUŞ “DƏYİRMİ MASA”
İctimai İdarəetmə və Maliyyə Mərkəzinin (İİMM) təşkil etdiyi tədbirdə qurumun direktoru Fuad Cəfərli məlumat vermişdir ki, son beş il ərzində Azərbaycanda şəhərsalma prosesi sürətlənib. Ölkənin regionlarından daxili miqrasiya hesabına paytaxta əhali axını çox artıb. Bu işdə iqtisadiyyatın əsas dayaqlarının meqapolisdə cəmləşməsi də az pol oynamır. Son qeyri-rəsmi məlumatlara görə, Bakıda əhalinin sayı 3 milyon nəfəri keçib. İİMM ölkənin 4 iri şəhərində “Azərbaycanda şəhər maliyyəsi və ictimai xidmətlərin idarə olunması. Son onilliyin monitorinqi” layihəsini gerçəkləşdirmişdir. Monitorinq göstərmişdir ki, şəhərlərdəki “gecəqondular”da məskunlaşanların sayını müəyyən etmək qeyri-mümkündür. Bu isə şəhərlərdə optimal maliyyələşməni və ictimai xidmətlər göstərilməsini çətinləşdirir, müxtəlif sosial-iqtisadi problemlər, o cümlədən yoxsulluq, xəstəlik, cinayətkarlıq üçün zəmin yaradır. Araşdırmalardan aydın olub ki, paytaxtın bəzi bələdiyyələrinin ərazisində “gecəqondular”ın miqyası 30-35 faizə çatıb.
Şəhərlərdə əhali artımı və bu yaşayış məntəqələrinin böyüməsi ictimai nəqliyyat strukturuna da öz təsirini göstərir. Belə ki, nəqliyyat vasitələrinin sayı artsa da, yol infrastrukturu təkmilləşdirilmir. Böyük şəhərlərin strateji planının olmaması da problemləri dərinləşdirir.
“Dəyirmi masa”da şəhər inkişafının müxtəlif aspektləri, o cümlədən beynəlxalq təcrübəyə əsaslanan yeni şəhər idarəetməsi strategiyasının hazırlanması, torpaqlardan istifadə, şəhər maliyyə strukturu, nəqliyyatın idarə olunması, şəhərsalmanın hüquqi aspektləri və şəhər siyasəti ilə bağlı digər mövzular müzakirə olunmuşdur.
“Dəyirmi masa”da Milli Məclisin deputatı Şaitdin Əliyev iştirak etmişdir. Jurnalistləri maraqlandıran suallara cavab verilmişdir.