Şəhid ailələrinin üzvləri “Qarabağ müharibəsi qəhrəmanları” fondunda
Bakı, 3 avqust, AZƏRTAC
Şəhid ailələrinin üzvləri Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında (MEK) yeni istifadəyə verilən “Qarabağ müharibəsi qəhrəmanları” fondunu ziyarət ediblər.
Bu barədə AZƏRTAC-a MEK-dən məlumat verilib. Görüşdə 2020-ci ildə İkinci Qarabağ müharibəsində Xocavənd, Füzuli, Şuşa, Zəngilan və Kəlbəcər istiqamətində gedən döyüşlərdə şəhid olan Fuad Məmmədovun, Adil Əfəndiyevin, Sahib Məmmədovun, Məmmədhəsən Sadıqlının, Tural Məmmədovun, Daşqın Rzalının və Taleh Zamanovun yaxınları iştirak ediblər.
Şəhid ailələri fondda ulu öndər Heydər Əliyevin və Prezident, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin Qarabağ bölgəsində müxtəlif dövrlərdə çəkilmiş fotoları, 50-yə yaxın müharibə iştirakçılarının fotolarından ibarət “Qarabağ Azərbaycandır!”, Azərbaycan Respublikasının Xəritəsi üzərində 3000-ə yaxın şəhid adlarının əks olunduğu “Zəfər memarları”, Birinci və İkinci Qarabağ müharibəsi, Aprel və Tovuz döyüşləri zamanı həlak olanların xatirəsini əbədiləşdirmək üçün yaradılan guşələrlə tanış olub, 600-dən çox şəhid, qazi və müharibə iştirakçısının həyat və döyüş yolunu əks etdirən məlumatlar, şəxsi sənədlər, onların şəxsi kitablarından ibarət kolleksiyaya baxıblar.
Şəhid ailələrinin üzvləri onlara göstərilən dövlət qayğısından danışıblar. Həmçinin şəhidlərimizin həyatı və keçdiyi döyüş yolu barədə xatirələri bölüşüb, onların şəxsi kitablarını MEK-ə hədiyyə ediblər. Cəmiyyət arasında vətənpərvərlik hisslərinin aşılanması və Vətənimizin bütövlüyü uğrunda şəhid olan qəhrəman oğullarımızın ictimaiyyətə daha yaxından tanıdılması baxımından fondun çox əhəmiyyətli olduğunu vurğulayaraq, onların adlarını əbədiləşdirmək istiqamətində MEK-in təşəbbüsünü yüksək qiymətləndiriblər.