Şəhid övladları üçün “Texno Qəhrəmanlar” adlı master-klas keçirilib
Bakı, 28 fevral, AZƏRTAC
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) özəl sektorla əməkdaşlıq çərçivəsində 44 günlük Vətən müharibəsinin şəhid qəhrəmanlarının övladları üçün “Abşeron” sanatoriyasında əyləncəli və maarifləndirici “Texno Qəhrəmanlar” adlı master-klas təşkil edib.
AHİK-dən AZƏRTAC-a bildirilib ki, master-klasda əvvəlcə informasiya texnologiyaları mütəxəssisləri 5-14 yaş aralığında şəhid övladlarına robotların yığılması və idarə olunması üzrə təlim keçiblər. Sonra yaş kateqoriyası üzrə bölünmüş qruplar şəklində yarışlara start verilib və iştirakçılar kiçik mühərriklər, ötürücülər, mikrokontrollerlər vasitəsilə robotlar hazırlayıblar. Uşaqlar böyük həvəslə qatıldığı yarışda alqoritmlə işləmək və komandada çalışmaq bacarıqlarını inkişaf etdiriblər.
Sonda yarışın qalibləri AHİK-in sədr müavinləri - Musa Mirzəyev, Hikmət Osmanov və Qəzənfər Abdullayev tərəfindən sertifikat və hədiyyələrlə mükafatlandırılıblar.
Qeyd edək ki, AHİK könüllüləri də tədbirin təşkilində yaxından iştirak edib, uşaqların asudə vaxtının səmərəli keçməsinə, bilik və bacarıqlarının artırılmasına dəstək olublar.