CƏMİYYƏT
Səhiyyə Nazirliyi qrip əleyhinə vaksinasiya ilə bağlı əhaliyə müraciət edib
Bakı, 9 sentyabr, AZƏRTAC
Səhiyyə Nazirliyi qrip əleyhinə vaksinasiya ilə bağlı əhaliyə müraciət edib.
AZƏRTAC müraciətə istinadla xəbər verir ki, qarşıdan gələn payız-qış mövsümündə ölkə ərazisində kəskin respirator virus infeksiyalarının yayılması gözləniləndir.
Bununla əlaqədar, əhali arasında qrip və kəskin respirator virus infeksiyalarına qarşı profilaktik və əks-epidemik tədbirlərin gücləndirilməsi məqsədilə Səhiyyə Nazirliyi tərəfindən ölkəyə mövsümi qrip əleyhinə “Abbott” şirkətinin istehsalı olan tam təhlükəsiz və yüksəkkeyfiyyətli vaksin preparatları gətirilib. Səhiyyə Nazirliyinin müvafiq əmrinə əsasən, 2024-cü il sentyabrın 10-dan vaksinasiyaya başlanılır.
Respirator xəstəliklərə görə yüksək risk qrupuna aid edilən səhiyyə işçilərinin, hamilə qadınların və xroniki tənəffüs sistemi xəstəlikləri olan 6 aylıqdan yuxarı olmaqla bütün yaşlar üzrə əhalinin qış mövsümündə qripə qarşı peyvənd olunması xüsusilə vacibdir.
Həmçinin cari ilin noyabr ayında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ölkəmizdə keçirilməsi ilə bağlı dünyanın müxtəlif ölkələrindən Azərbaycana çoxsaylı qonaqların səfəri gözlənilir.
Əhalinin sağlamlığının qorunması və kəskin respirator virus infeksiyalarına yoluxma hallarının qarşısının alınması məqsədilə Səhiyyə Nazirliyi sözügedən əhali qrupları ilə yanaşı, COP29-la bağlı tədbirlərə cəlb olunan vətəndaşları mövsümi qripə qarşı peyvənd olunmağa çağırır.
Qripə qarşı peyvənd olunmaq istəyən şəxslər yaşayış və ya iş yeri üzrə əhaliyə ambulator-poliklinik xidmət göstərən dövlət tibb müəssisələrinə müraciət edə bilərlər.