SƏHİYYƏ NAZİRLİYİNİN KOLLEGİYASINDA QARŞIDAKI İSLAHATLAR PLANI MÜZAKİRƏ OLUNMUŞDUR
Nazir Oqtay Şirəliyev iclası açaraq bildirmişdir ki, nazirliyin briqadaları regionlardakı vəziyyət, tibb müəssisələrinin maddi-texniki bazası, onların kadr təminatı ilə daha yaxından tanış olmaq üçün yerlərə getmişlər.
İclasda 2005-ci ilə dair xəstəlik və ölüm səviyyəsi barədə məlumat verilmişdir. Məlumatdan görünür ki, əhalinin daha çox tənəffüs sistemi xəstəliklərinə tutulması müşahidə edilir. Əvvəlki illərdə olduğu kimi, yenə də ölüm hallarının ən yüksək səviyyəsi ürək-damar sistemi xəstəlikləri ilə bağlıdır. Keçən il ölkədə 6148 onkoloji xəstə qeydə alınmış, son 5 ildə belə xəstələrin sayı 26,8 faiz artmışdır. Hepatit virusuna yoluxanların artması qeydə alınmışdır. Vərəm xəstəliklərinin müalicəsi və diaqnostikası sahəsində də vəziyyət qənaətbəxş deyildir. Çünki xəstələrin əksəriyyəti həkimlərə xəstəliyin yalnız son mərhələsində müraciət edirlər.
Səhiyyə Nazirliyi Vişnevskaya-Rostropoviç Fondu, Dünya Səhiyyə Təşkilatı və YUNİSEF-lə birlikdə qızılca və məxmərək əleyhinə milli immunlaşdırma kampaniyası aparmışdır. Talassemiya və hemofiliya irsi xəstəliklərinə yoluxanların müalicəsi lazımi səviyyədə təşkil olunmuşdur. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə ölkəmizdə talassemiyalı xəstələr üçün mərkəzin və onun yanında Qan bankının yaradılması nəzərdə tutulur. Ölkəyə zəruri dərman preparatları gətirilmiş və xəstələrə pulsuz paylanmışdır. Talassemiya və hemofiliyanın müalicəsi üzrə dövlət proqramları qəbul olunmuş, xroniki böyrək çatışmazlığından əziyyət çəkən xəstələrin müalicəsi, yoluxucu xəstələrin immunoprofilaktikası, onkoloji xəstələrin dərman preparatları ilə təminatı üzrə dövlət proqramları hökumətin təsdiqinə verilmişdir. Nazirliyin mütəxəssisləri ana və uşaqların sağlamlığının mühafizəsi üzrə proqram layihəsi hazırlamışlar. Vərəmlə mübarizəyə dair belə sənədlərin hazırlanması, ürək patologiyalarının cərrahi yolla müalicəsi, viruslu hepatitlərin profilaktikası da planlaşdırılır.
Səhiyyə Nazirliyi qarşısında duran perspektiv vəzifələr arasında stasionarların çarpayı fondu sayının real tələbata uyğunlaşdırılmasını, ştat heyətinin ixtisara salınmasını qeyd etmək lazımdır. Ölkənin 740 stasionarından 360-ı bölgələrdədir. Onların əksəriyyəti çoxdan təmir aparılmayan binalarda yerləşir, müasir tibb avadanlığı, bəzilərində isə kanalizasiya və istilik sistemi yoxdur. Bölgələrdə tibb heyəti çatışmazlığı hiss olunur. Salyan rayonunda çarpayı fondunun 19 faizi, Şəkidə 22,5 faizi, Xanlarda 32 faizi, Bakıda isə 14 faizi ixtisara salınacaqdır. Siyəzəndə regional müalicə-diaqnostika mərkəzi açılacaq, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın nazirliyə hədiyyə etdiyi hemodializ aparatlarının 5-i bu mərkəzə veriləcəkdir. Bundan əlavə, paytaxtda 5 nömrəli şəhər klinik xəstəxanasının bazasında ixtisaslaşdırılmış Yanıq Mərkəzinin yaradılması nəzərdə tutulur. İxtisar olunmuş tibb heyəti ambulator-poliklinika sahəsində işə cəlb ediləcəkdir.
Səhiyyə Nazirliyi “Sığorta təbabəti haqqında” Qanunu həyata keçirməklə əlaqədar sənədlər paketi hazırlamağı planlaşdırır.
Azərbaycan Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov, Bakı Baş Səhiyyə İdarəsinin rəisi Leyla Seyidbəyova, habelə ölkənin bəzi tibb müəssisələrinin rəhbərləri çıxışlarında milli səhiyyənin inkişafı ilə bağlı təkliflərini vermişlər.
Kollegiya iclasına yekun vuran nazir Oqtay Şirəliyev demişdir ki, dövlətimizin başçısı İlham Əliyev səhiyyə işçiləri qarşısında milli təbabətin səviyyəsini yüksəltmək vəzifəsi qoymuşdur və tibb işçiləri buna tam məsuliyyətlə yanaşmalıdırlar.