Səidə Ömər: Azərbaycanın müstəqillik tarixi xalqımızın haqlı qürur mənbəyidir
İstanbul, 20 oktyabr, Günel Karatepe, AZƏRTAC
Müsəlman Şərqində ilk hüquqi-demokratik dövləti quran və bundan 34 il əvvəl müstəqilliyini yenidən bərpa edən Azərbaycan xalqı üçün 18 oktyabr tarixi haqlı qürur mənbəyidir. Tarixin müxtəlif dövrlərində qarşılaşdığı çətinliklərə baxmayaraq, müstəqillik yolunda qətiyyət göstərən Azərbaycan bu gün də azad, güclü və suveren bir dövlət kimi öz yoluna davam edir.
AZƏRTAC xəbər verir ki, bu ifadələri “TRT TÜRKÜ” radiosunda yayımlanan “Azərbaycan rüzgarı” proqramının müəllifi və aparıcısı, İstanbul Universitetin doktorantı Səidə Ömər verilişin bu həftəki buraxılışında qeyd edib.
Hər həftənin bazar günü yayımlanan proqramın budəfəki verilişi Azərbaycan Respublikasının Müstəqilliyinin Bərpası Gününə həsr edilib.
Bununla bağlı AZƏRTAC-a danışan Səidə Ömər bildirib ki, “Azərbaycan rüzgarı” proqramının əsas hədəfi Azərbaycan mədəniyyətini və tarixini Türkiyə dinləyicisinə doğru, dərin və təsirli şəkildə çatdırmaqdır: “Əsas məqsədlərimizdən biri də milli kimliyimizin qorunması və dünya ictimaiyyətində ölkəmizin düzgün tanıdılmasına dəstək olmaqdır. Bu məqsədlə proqramın bu həftəki yayımını Azərbaycanın Müstəqilliyinin Bərpası Gününə həsr etdik. Proqram çərçivəsində dinləyicilərə bu günün tarixi əhəmiyyəti barədə məlumatlar verdik, Azərbaycanın görkəmli dramaturqu Cəfər Cabbarlının “Azərbaycan bayrağına” şeirini və Azərbaycan mahnılarını səsləndirdik. Vətənim üçün gördüyüm hər iş mənim üçün qürur mənbəyidir. Türkiyədə belə bir imkanın yaradılması isə olduqca təsirli və mühümdür. Bu layihədə mənə dəstək olan “TRT” radiosuna təşəkkür edirəm”.