Şəki-Zaqatala bölgəsində parlament seçkiləri demokratik şəraitdə keçir
Şəki-Zaqatala, 7 noyabr (AZƏRTAC). Noyabrın 7-də Şəki-Zaqatala bölgəsi rayonlarında da dördüncü çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərə start verilmişdir. Bölgəyə daxil olan Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və Qəbələ rayonlarında fəaliyyət göstərən 9 seçki dairəsi üzrə 390 seçki məntəqəsi səhər saat 8.00-dan etibarən qapılarını seçicilərin üzünə açmışdır. Dairə seçki komissiyalarından AZƏRTAC-a verilən məlumata görə, 9 dairə üzrə səsvermə hüququ olan vətəndaşların sayı 353 min 914 nəfərdir. Bölgəyə daxil olan 6 rayon üzrə 9 deputat mandatı uğrunda 42 namizəd mübarizə aparır. Onlardan 12-si müxtəlif siyasi partiyaları təmsil edir, 30-u isə namizədliklərini öz təşəbbüsləri ilə irəli sürmüşlər. Səsvermənin azad, demokratik və şəffaf keçməsi üçün bütün seçki məntəqələrində lazımi şərait yaradılmış, məntəqələr zəruri avadanlıq və texniki vasitələrlə təchiz edilmişdir. 40 məntəqədə veb-kamera quraşdırılmışdır. Seçkilərin gedişini müxtəlif siyasi partiyalar və ictimai birlikləri təmsil edən 3050 nəfər yerli, habelə ATƏT və digər nüfuzlu beynəlxalq təşkilatları təmsil edən çoxlu sayda müşahidəçi izləyirlər.
Dairə seçki komissiyalarından verilən məlumata görə, bölgə əhalisi səhər saatlarından etibarən ölkəmiz üçün mühüm əhəmiyyət daşıyan bu siyasi kampaniyada fəal iştirak edirlər.
109 saylı Balakən seçki dairəsinin tərkibinə daxil olan 34 seçki məntəqəsi üzrə 38 min 19 seçici qeydə alınmışdır. Bu dairədən Milli Məclisə yeganə deputat mandatı uğrunda 5 namizəd mübarizə aparır. Seçki məntəqələrinin 5-də veb-kamera quraşdırılmışdır. Səsvermənin gedişini 234 nəfər yerli və beynəlxalq müşahidəçi izləyir.
110 saylı Zaqatala seçki dairəsi dairə seçki komissiyasının sədri Fikrət Mustafayevin verdiyi məlumata görə, 4 nəfər deputatlığa namizədin qeydə alındığı bu dairənin 42 seçki məntəqəsinin hər birində səsvermənin şəffaf və demokratik keçməsi üçün hər cür şərait yaradılmışdır. Seçici siyahılarına 44 min 48 seçicinin adı daxil edilmişdir. Seçkilərin gedişini 378 nəfər yerli, habelə beynəlxalq müşahidəçilər izləyirlər.
111 saylı Zaqatala-Balakən seçki dairəsinin tərkibinə daxil olan 41 seçki məntəqəsinin 28-i Zaqatalada, 13-ü isə Balakən rayonunda yerləşir. Seçicilərin ümumi sayı 42 min 174 nəfərdir. Namizədliyi qeydə alınmış 5 iddiaçının 2-si siyasi partiyaları təmsil edir, 3-ü isə bitərəfdir. 5 məntəqədə veb-kamera quraşdırılmışdır. Səsvermənin gedişini 317 nəfər yerli müşahidəçi izləyir.
112 saylı Qax seçki dairəsi dairə seçki komissiyasının sədri Abdukərim Əliyevin verdiyi məlumata görə, səhər saat 8.00-da dairənin tərkibinə daxil olan 55 seçki məntəqəsində parlament seçkilərinin startı verilmişdir. Seçicilərin ümumi sayı 39 min 638 nəfərdir. Deputat mandatı uğrunda 4 namizəd mübarizə aparır. Şəhərdəki məntəqələrdən 4-də veb-kamera quraşdırılmışdır. Seçkilərin gedişini 340 nəfər yerli və beynəlxalq müşahidəçilər izləyir. Səsvermə demokratik şəraitdə keçir.
113 saylı Şəki şəhər seçki dairəsi üzrə seçici siyahılarına 35 min 487 nəfər seçicinin adı daxil edilmişdir. Yeganə deputat mandatı uğrunda 5 nəfər namizədin mübarizə apardığı bu dairədə səsvermənin gedişini 281 nəfər yerli müşahidəçi ilə yanaşı, ATƏT-in seçkiləri müşahidə missiyasının müşahidəçiləri - norveçli Toril Lund və Almaniyadan Hans Haynrix Rize, habelə digər beynəlxalq müşahidəçilər izləyirlər. 27 seçki məntəqəsindən 15-də veb-kamera quraşdırılmışdır.
114 saylı Şəki kənd birinci seçki dairəsi üzrə 6 namizəd qeydə alınmışdır. Onlardan 1-i siyasi partiyanı təmsil edir, 5-i isə bitərəfdir. Dairənin 41 seçki məntəqəsində səsvermənin gedişini 356 nəfər yerli, habelə beynəlxalq müşahidəçilər izləyirlər.
115 saylı Şəki kənd ikinci seçki dairəsi üzrə səsvermə 42 seçki məntəqəsində təşkil olunmuşdur. Seçicilərin ümumi sayı 35 min 19 nəfərdir. Namizədliyi qeydə alınmış 5 nəfərin 2-si siyasi partiyanı təmsil edir, 3-ü isə bitərəfdir. Səsvermənin gedişini 362 nəfər yerli müşahidəçi ilə yanaşı, beynəlxalq təşkilatların nümayəndələri də izləyirlər.
116 saylı Qəbələ seçki dairəsi üzrə Milli Məclisə yeganə deputat mandatı uğrunda 4 namizəd mübarizə aparır. Dairənin tərkibinə daxil olan 51 seçki məntəqəsinin hər birində seçkilərin şəffaf və demokratik keçməsi üçün lazımi şərait yaradılmış, 5 məntəqədə veb-kamera quraşdırılmışdır. Səsvermənin gedişini 375 nəfər yerli, habelə ATƏT-in seçkiləri müşahidə missiyasının 6 nəfər müşahidəçisi izləyir.
117 saylı Oğuz-Qəbələ seçki dairəsinin seçki məntəqələrində də səsvermə Seçki Məcəlləsinin tələblərinə uyğun təşkil edilmişdir. Dairə seçki komissiyasının sədri Rəsul Cəfərovun verdiyi məlumata görə, dairənin tərkibinə daxil olan 57 seçki məntəqəsinin 36-sı Oğuzda, 21-i isə Qəbələ rayonunda yerləşir. Seçicilərin ümumi sayı 42 min 976 nəfərdir. Deputat mandatı uğrunda 4 nəfər namizəd mübarizə aparır. Səsvermənin gedişini 407 nəfər yerli müşahidəçi, habelə ATƏT-in uzunmüddətli müşahidəçiləri Annabelli Qambe və Per Skuld, habelə qısamüddətli beynəlxalq müşahidəçilər izləyirlər. Məntəqələrin 3-də veb-kamera quraşdırılmışdır.