ŞƏKİDƏ BÖLGƏ MÜŞAVİRƏSİ KEÇİRİLMİŞDİR
Müşavirəni giriş sözü ilə açan Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Nazim İbrahimov Nazirlər Kabinetinin 2005-ci ilin sosial-iqtisadi yekunlarına həsr olunmuş iclasında Azərbaycan Prezidenti İlham Əliyevin iqtisadiyyatımızın ayrı-ayrı sahələrinin dinamik inkişafı ilə bağlı verdiyi tapşırıq və göstərişlərin, tövsiyələrin yerinə yetirilməsi baxımından belə tədbirlərin əhəmiyyətini qeyd etmişdir.
Müşavirədə Kənd Təsərrüfatı Nazirliyinin bitkiçilik məhsullarının istehsalı, emalı və torpaqdan istifadəyə nəzərət şöbəsinin müdiri Sabir Vəliyev çıxış edərək, Şəki-Zaqatala bölgəsi üçün ənənəvi sahələrdən sayılan tütünçülüyün, baramaçılığın, meyvəçiliyin və üzümçülüyün dirçəldilməsi, taxılçılığın daha da inkişaf etdirilməsi, keyfiyyətli və məhsuldar toxum bazasının yaradılması, fermerlər üçün aqrolizinq xidmətlərinin təşkili və digər vacib məsələlər barədə danışmış, məhsul istehsalının artırılması ilə bağlı təklif və tövsiyələrini vermişdir.
Müşavirənin sonunda bölgə fermerlərini maraqlandıran suallara aydınlıq gətirilmişdir.