ŞƏKİDƏ DÖVLƏT REYESTR XİDMƏTİNİN ƏRAZİ İDARƏSİ FƏALİYYƏTƏ BAŞLAYIB
AZƏRTAC-ın müxbiri xəbər verir ki, şəhər rəhbərliyi və qonaqlar əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin icra hakimiyyəti binasının qarşısındakı meydanda ucaldılan abidəsini ziyarət etmiş, önünə tər çiçəklər düzmüşlər.
Təqdimat mərasimində çıxış edən Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi Arif Qaraşov bildirmişdir ki, rəhbərlik etdiyi qurum Azərbaycan Prezidenti İlham Əliyevin 2005-ci il 7 fevral tarixli Fərmanı ilə yaradılıb. Reyestr Xidməti qanunvericiliyə uyğun olaraq, mülkiyyət və digər əmlak hüquqlarını rəsmiləşdirən, dövlət reyestrini və daşınmaz əmlakın kadastrını aparan mərkəzi icra hakimiyyəti orqanıdır. Xidmətin fəaliyyət istiqamətləri, hüquq və vəzifələri barədə məlumat verən qurumun rəhbəri daha sonra qeyd etmişdir ki, vətəndaşlar hüquq müəyyən edən, alqı-satqı və digər əməliyyatlar, habelə daşınmaz əmlak bazarının dövriyyəsi üçün lazım olan yeganə sənədin daşınmaz əmlakın dövlət reyestrindən verilən çıxarış olduğunu bilməlidirlər. Natiq məlumat vermişdir ki, hazırda Xidmətin regionlarda 25 ərazi idarəsi formalaşdırılmışdır. Vətəndaşlar indən belə mülkiyyət hüquqlarını rəsmiləşdirmək üçün ərazi idarəsinin əhatə etdiyi rayonlardakı yerli şöbələrə müraciət etməli olacaqlar.
Tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Nazim İbrahimov, Şəki ərazi idarəsinin rəisi İmran Bahadov çıxış etmişlər.
Daha sonra tədbir iştirakçılarının bir qisminə dövlət reyestrindən çıxarışların ilk nümunələri təqdim edilmişdir.