Şəkidə gənc müəllimlər üçün təlimlər təşkil edilib
Şəki, 6 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC
Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Heydər Əliyev İli”nə həsr edilən kiçik qrant müsabiqəsinin qalibi olmuş “Gənc müəllimlər dilimizin keşiyində” layihəsi çərçivəsində növbəti təlimlər Şəki şəhərində keçirilib. Təlimlər Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə reallaşıb. Təlimlərdə Şəki şəhərinin ümumi təhsil müəssisələrində çalışan gənc Azərbaycan dili və ədəbiyyat müəllimləri iştirak ediblər.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki-Zaqatala Regional Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, layihənin məqsədi Azərbaycan dilinin saflığının qorunmasına dəstək olmaq üçün gənc müəllimlərə təlimlər keçməklə, onlarda düzgün diksiyanı, natiqlik bacarıqlarını təkmilləşdirməkdən ibarətdir.