Şəkidə güclü yağış və küləklə müşahidə olunan qasırğa fəsadlar törədib FOTO VİDEO
Şəki, 3 sentyabr, AZƏRTAC
Bu gecə Şəki şəhərində güclü yağış və küləklə müşahidə olunan qasırğa fəsadlar yaradıb.
AZƏRTAC xəbər verir ki, güclü küləklə müşahidə olunan qasırğa daha çox şəhərin yeni yaşayış massivində, 104-cü məhəllədə müşahidə olunub. Belə ki, külək bir neçə evin damını tamamilə dağıdaraq bir neçə yüz metr aralıya atıb. Həmçinin sahibkarlıq obyektinin də damını uçurub. Külək ərazidən keçən elektrik dirəklərini, yeni inşa edilən daş divarları da aşırıb.
Hazırda Şəki Şəhər İcra Hakimiyyəti yanında Fövqəladə Hallar Komissiyasının əməkdaşları hadisə yerindədir.
Komissiyanın üzvü Cahangır Nəbiyev AZƏRTAC-a bildirib ki, qasırğa nəticəsində 6 evin damı ciddi zərər görüb. Həmçinin həyətyanı hasarlara ziyan dəyib. C.Nəbiyev qeyd edib ki, dəymiş ziyanla bağlı sənədləşmə işləri aparılaraq müvafiq orqanlara təqdim ediləcək.