Şəkidə “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş növbəti tədbir
Şəki, 18 dekabr, Mustafa Dadaşov, AZƏRTAC
“Konstitusiya və Suverenlik İli” çərçivəsində dekabrın 18-də Şəki şəhərində “Qanunun aliliyi, güclü, suveren Azərbaycanla işıqlı gələcəyə” adlı tədbir keçirilib.
Şəki-Zaqatala Regional Mədəniyyət və Təhsil idarələrinin, Şəki şəhər Heydər Əliyev Mərkəzinin, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Şəki şəhər Komitəsinin və şəhər Təhsil sektorunun birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Regional idarələrin və YAP rayon təşkilatının rəhbər şəxsləri və əməkdaşları, şəhid anaları, mədəniyyət və təhsil işçiləri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxışlarda diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunub. Bu əlamətdar gün Azərbaycanın dövlətçiliyində xüsusi önəm daşıyan tarixi günlərdən biridir. Qeyd olunub ki, Sərəncamın icrası ilə əlaqədar Şəkidə də il ərzində silsilə tədbirlər həyata keçirilib və hazırda davam edir.
Tədbir çərçivəsində “Konstitusiya və Suverenlik İli”ndə təhsilin inkişafı və milli-mənəvi dəyərlərin formalaşmasında səmərəli fəaliyyətlərinə görə Şəki şəhərində fəaliyyət göstərən ümumtəhsil və uşaq musiqi məktəblərinin rəhbərləri, həmçinin olimpiadalarda uğur qazanmış şagirdlər ETİHİ Şəki rayon Komitəsi tərəfindən fəxri fərmanla təltif olunublar.
Tədbir konsert proqramı ilə davam edib.