ŞƏKİDƏ YENİ MƏKTƏB BİNALARI İSTİFADƏYƏ VERİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Heydər Əliyev Fondunun həyata keçirdiyi “Yeniləşən Azərbaycana yeni məktəb” Proqramına uyğun olaraq Şəki şəhərindəki 10 nömrəli orta məktəb üçün inşa edilən 240 yerlik əlavə tədris korpusunun istifadəyə verilməsi münasibətilə keçirilən təntənəli mərasimdə çıxış edən ədliyyə naziri Fikrət Məmmədov, Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Nazim İbrahimov, ictimaiyyətin nümayəndələri əlamətdar gün münasibətilə məktəbin kollektivini təbrik etmiş, Azərbaycan təhsilinin inkişafına, onun maddi-texniki bazasının möhkəmləndirilməsinə göstərdiyi yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevaya şəkililər adından dərin minnətdarlıqlarını bildirmişlər.
Sonra ədliyyə naziri Fikrət Məmmədov 10 nömrəli orta məktəbin bu il ali məktəblərə daxil olmuş 19 məzununa qiymətli hədiyyələr təqdim etmişdir.
Yeni tədris korpusunun açılışını bildirən rəmzi qırmızı lent kəsildikdən sonra qonaqlar burada yaradılmış şəraitlə yaxından tanış oldular. 950 nəfər şagirdin təhsil aldığı və 160 nəfərdən çox müəllimin çalışdığı 10 nömrəli orta məktəbin həyətində müasir standartlara uyğun inşa edilən üçmərtəbəli yeni tədris korpusunda 12 sinif otağı, habelə emalatxana, yeməkxana və kompyuter otaqları yerləşir. Tədris korpusu müasir istilik sistemi ilə təchiz edilmişdir. Tikinti işlərini “Azəraqrartikinti” Açıq Səhmdar Cəmiyyətinin kollektivi həyata keçirmişdir.
Həmin gün rayonun Böyük Dəhnə kəndində 620 yerlik daha bir məktəb binası istifadəyə verilmişdir. İş adamı, “AvroMed” Azərbaycan-İngiltərə birgə müəssisəsinin direktoru Cavanşir Feyziyevin şəxsi vəsaiti ilə inşa edilən yeni məktəb binasının tikintisinə 350 min manat vəsait xərclənmişdir. Məktəb binasında sinif otaqları ilə yanaşı, geniş idman zalı, habelə yeməkxana və kitabxana da yerləşir. Məktəb mebel və avadanlıqla təchiz edilmişdir. Bundan əlavə, məktəbin həyətində idman meydançaları da yaradılmış, ərazi abadlaşdırılmışdır.
Açılış mərasimində çıxış edən kənd sakinləri kəndin sosial problemlərin həllinə göstərdiyi köməyə görə iş adamına dərin minnətdarlıqlarını bildirmişlər.
Sentyabrın 15-də rayonun Sarıca kəndində 8 sinif otağı olan daha bir məktəb binasının açılış mərasimi olmuşdur. Şəkidə məskunlaşmış Kəlbəcər qaçqınlarının təhsil aldığı 123 nömrəli orta məktəb üçün inşa edilmiş məktəb binasının tikintisinə həmin rayondan Milli Məclisə deputat seçilmiş Cavid Qurbanov maliyyə köməyi göstərmişdir. Mərasimdə Şəki Şəhər İcra Hakimiyyəti adından məktəbə yeni kompyuter dəsti hədiyyə edilmişdir.