ŞƏKİNİN QƏSƏBƏ VƏ KƏNDLƏRİNDƏ HESABAT YIĞINCAQLARI KEÇİRİLİR
Şəki, 23 yanvar (AZƏRTAC). Şəki rayonunun qəsəbə və kəndlərində yerli icra nümayəndəliklərinin 2009-cu ilin yekunlarına dair hesabat yığıncaqları keçirilir.
Şəki Şəhər İcra Hakimiyyətinin məsul nümayəndələrinin, əlaqədar xidmət təşkilatları rəhbərlərinin iştirak etdikləri bu yığıncaqlarda sakinləri narahat edən məsələlər geniş müzakirə olunur, problemlərin aradan qaldırılması üçün müvafiq tapşırıqlar verilir.
Baş Zəyzid kənd icra nümayəndəliyinin 2009-cu ilin yekunları ilə bağlı hesabat yığıncağında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Məhərrəm Quliyev, Baş Zəyzid və Vərəzət kəndlərinin sakinləri, habelə rayonun rəhbərləri iştirak etmişlər.
Baş Zəyzid kənd icra nümayəndəsi Abdulla Abdukərimovun 2009-cu ilin yekunları ilə bağlı hesabat məruzəsində görülmüş işlər ətraflı təhlil olunmuş, problemlərə toxunulmuş, qarşıda duran vəzifələrdən bəhs edilmişdir.
Toplantıda hər iki kəndin sakinləri çıxış edərək ölkə rəhbərliyi tərəfindən əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirləri ürəkdən bəyəndiklərini bildirmiş, eyni zamanda, qarşılaşdıqları problemlərə toxunmuşlar. Bildirilmişdir ki, Baş Zəyzid kəndindəki orta məktəb binasının əsaslı təmir edilməsi, kənd xəstəxanasının doğum şöbəsinin təmiri, pensiyaçıların işini asanlaşdırmaq üçün kənddə bankomatın quraşdırılması, Vərəzət kəndindəki istifadəsiz qalan köhnə məktəb binasının təmir olunaraq uşaq bağçası kimi fəaliyyət göstərməsi, kəndin mərkəzindən keçən çayın üzərində kiçik körpünün salınması, yolların təmiri, habelə “Zəyzid” və “Qurcana” çaylarının yataqlarının təmizlənməsi və digər problemlər sakinləri narahat edən ən vacib məsələlərdir.
Yığıncaqda şəhər İcra hakimiyyətinin başçısı Nazim İbrahimov çıxış edərək, qaldırılan məsələlərin, irəli sürülən təkliflərin həlli ilə bağlı əlaqədar müəssisə və təşkilatların rəhbərlərinə konkret tapşırıqlar vermiş, tövsiyələrini bildirmişdir. İcra hakimiyyətinin başçısı kənd əhalisini, xüsusilə gəncləri daha fəal olmağa səsləmiş, onlara ailə büdcələrini formalaşdırmaq üçün təsərrüfatın müxtəlif sahələri ilə, o cümlədən əkinçiliklə, maldarlıqla daha səmərəli məşğul olmağı tövsiyə etmişdir. 2010-cu ilin ölkəmizdə “Ekologiya ili” elan olunduğunu xatırladan icra başçısı, hər iki kəndin əhalisini bu xeyirxah aksiyada daha yaxından iştirak etməyə çağırmışdır.