İQTİSADİYYAT
Səkkiz ayda Azərbaycan 9,9 milyard dollarlıq məhsul ixrac edib
Bakı, 30 sentyabr, AZƏRTAC
Cari ilin yanvar-avqust ayları ərzində Azərbaycanın ixracı 9,9 milyard ABŞ dolları olub, qeyri-neft sektoru üzrə 1 milyard 153 milyon dollar dəyərində ixrac reallaşdırılıb.
AZƏRTAC İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac icmalı”nın sentyabr sayına istinadla xəbər verir ki, qeyri-neft sektoru üzrə ixrac ötən ilin müvafiq dövrü ilə müqayisədə 124 milyon dollar və ya 9,7 faiz azalıb.
Bu ilin 8 ayı ərzində Rusiyaya 450,3 milyon, Türkiyəyə 226,9 milyon, İsveçrəyə 138,5 milyon, Gürcüstana 92 milyon və Çinə 32,7 milyon dollar dəyərində qeyri-neft sektoruna aid məhsul ixrac edilib.
Yanvar-avqust ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pomidor (167 milyon dollar) birinci, qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda 124,4 milyon dollar) ikinci və pambıq mahlıcı (78,6 milyon dollar) üçüncü olub.