Şəmkirdə istixana kompleksində baş verən yanğın söndürülüb
Bakı, 14 mart, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Şəmkir rayonunda yerləşən istixana kompleksində yanğın baş verməsi barədə məlumat daxil olub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının vətəndaşa məxsus hər birinin sahəsi 120 kvadratmetr olan 8 istixananın ərazisində baş verdiyi və yayılma riskinin yüksək olduğu müəyyən edilib.
FHN qüvvələrinin çevik müdaxiləsi sayəsində istixanada baş verən yanğının genişlənməsinə, o cümlədən ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində istixananın ərazisində yerləşən mazut çəninin içərisində 10 ton mazutun 5 tonu, 3 istixananın polietilen üzlükləri 150 kvadratmetr sahədə, ətrafda toplanmış məişət və taxta tullantıları 100 kvadratmetr sahədə yanıb.
İstixana kompleksinin böyük hissəsi və 5 ton mazut yanğından mühafizə olunub.