Şəmkirdə “Təmiz hava” aylığı ilə əlaqədar tədbirlər davam etdirilir
Bakı, 3 iyun, AZƏRTAC
Şəmkir Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları rayon ərazisində nəqliyyatın sıx olduğu yerlərdə profilaktiki tədbirlər həyata keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a bildiriblər ki, bu cür tədbirlərin keçirilməsində məqsəd avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrin atmosferi çirkləndirməsinin qarşısını almaqdır.
Polis əməkdaşları sürücülərin diqqətinə bir daha çatdırıblar ki, istifadələrində olan avtomobillərin yanacaq sistemini tənzimləməklə onları saz vəziyyətə gətirməli və ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılmasını təmin etdikdən sonra istismarına yol verməlidirlər. Araşdırmalar zamanı bu və digər qayda pozuntusuna yol verən 18 sürücü inzibati məsuliyyətə cəlb edilib.