Şəmkirdə Vüqar Həşimovun xatirəsinə həsr olunmuş növbəti beynəlxalq şahmat turniri keçiriləcək
Şəmkir, 2 mart, Famil Quliyev, AZƏRTAC
Azərbaycan Şahmat Federasiyası və “Synergy Group” ASC-nin təşkilatçılığı ilə aprel ayında Şəmkir şəhərində mərhum Azərbaycan şahmatçısı, üçqat ölkə çempionu, qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş beynəlxalq şahmat turniri ("Shamkir Chess") keçiriləcək.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov turnirin yüksək səviyyədə keçirilməsinə kömək göstərilməsi məqsədi ilə Təşkilat Komitəsinin yaradılması barədə sərəncam imzalayıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycan Şahmat Federasiyası və “Synergy Group” ASC-nin əməkdaşlarının iştirakı ilə Təşkilat Komitəsinin ilk iclası keçirilib.
İclasda rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov Təşkilat Komitəsinin üzərinə düşən vəzifələri açıqlayıb və turnirin yüksək səviyyədə təşkili ilə bağlı aidiyyəti üzrə müvafiq göstərişlər verib.
Alimpaşa Məmmədov bildirib ki, ənənəvi olaraq Şəmkirdə keçirilən bu möhtəşəm turnirin reytinqi ildən-ilə artır: “Dünyanın ən məşhur qrossmeysterləri bu turnirə maraq göstərirlər. Artıq 4 ildir "Shamkir Chess" turniri yüksək səviyyədə təşkil edilib. Biz bununla paytaxtdan 400 kilometr aralıda belə bir möhtəşəm yarışı keçirmək qabiliyyətinə malik olduğumuzu göstəririk. Şəmkirin artıq beynəlxalq idman yarışlarına ev sahibliyi etməkdə böyük təcrübəsi var”.
Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov ardıcıl 5-ci dəfə keçiriləcək "Shamkir Chess" turnirinin ölkə hüdudlarını aşdığını vurğulayıb. O, dünyanın bir çox nüfuzlu şahmatçısının bu yarışda iştirak etməsini özünə şərəf bildiklərini söyləyib: "Şübhəsiz ki, bu, Vüqar Həşimovun dünyada tanınmış şahmatçılar sırasında yer alması, fərdi və Azərbaycan yığmasının heyətində böyük uğurlar qazanması ilə əlaqədardır. Dünya şahmat ailəsi Azərbaycanı Vüqar Həşimov kimi şahmatçını yetişdirən ölkə kimi tanıyır. Ötən il Şəhriyar Məmmədyarov gərgin mübarizədə "Shamkir Chess"in qalibi oldu. Bu il də böyük rəqabətin olacağına inanıram".
Təşkilat Komitəsinin üzvləri mərhum şahmatçı Vüqar Həşimovun xatirəsinə həsr olunan beynəlxalq turnirin yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi tədbirlərin görüləcəyini bildiriblər.