“Sənətkar sözünü yaradıcılığı, sənəti ilə deməlidir” - şəbəkə ustası
Şəki, 7 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC
Yaradıcılığında daim yeniliklər etməyi xoşlayan tanınmış şəbəkə ustası, Əməkdar mədəniyyət işçisi Hüseyn Hacımustafazadə uzun müddətdir şəbəkənin yeni formaları, çalarları üzərində işləyir. Şəbəkə sənətinin sirlərinə mükəmməl yiyələnən bu el sənətkarının əl işləri nəinki ölkəmizdə, onun hüdudlarından kənarda da böyük maraq doğurur, əsərləri bir sıra xarici ölkələrin muzeylərini bəzəyir, sərgilərdə nümayiş etdirilir.
AZƏRTAC-ın bölgə müxbiri Hüseyn Hacımustafazadənin Şəki şəhərinin “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun ərazisində, “Sənətkarlar evi”ndəki emalatxanasında olub, yaradıcılığında olan yeniliklərlə maraqlanıb.

Hüseyn usta bildirib ki, yeni hazırladığı “Planetlər” şəbəkəsi mürəkkəbliyi və detallarının zənginliyi ilə digər əsərlərindən fərqlənir. Digər şəbəkə nümunələrinin hazırlanmasına 10-15 növ detal hissə gedirdisə, bu şəbəkənin hazırlanmasında 25 növədək detal hissədən istifadə olunub. Əsərin hazırlanmasına 3 ayadək vaxt sərf edilib. Əsərdə günəş ətrafında dövrə vuran planetlər əks olunub.

Şəbəkə ustası qeyd edib ki, “Planetlər” əsəri ilk dəfə avqustun 26-da “Laçın Şəhəri Günü” bayram şənliklərində təşkil olunan sərgidə nümayiş etdirilib. Sərgidə iştirak edən Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva əsəri çox bəyəniblər. Sənətkar, eyni zamanda, doğma yurdlarına qayıdan laçınlı uşaqlara ustad dərsləri də keçib, şəbəkə sənətinin incəlikləri barədə onlara məlumat verib. Sərgidə Prezident İlham Əliyevlə səmimi söhbət etdiyini vurğulayan Hüseyn usta deyib: “Prezidentimiz sərgini laçınlı uşaqlarla birgə gəzirdi. O, bizim sərgi ilə tanış olarkən uşaqlara şəbəkə sənətinin dünyada yalnız Azərbaycana, Şəkiyə məxsus olduğunu bildirdi, bu sənətin qeyri-adiliyi, zənginliyi barədə onlara məlumat verdi. Bildirdi ki, işğaldan azad olunmuş digər rayonlarda da “Şəhər Günü” bayram tədbirləri keçiriləcək və orada da belə sərgilər təşkil olunacaq”.

“Sənətkar sözünü yaradıcılığı, sənəti ilə ifadə etməlidir”, - deyən Hüseyn Hacımustafazadə “Planetlər” əsərini və digər şəbəkə nümunələrini xarici ölkələrdə təşkil olunan sərgilərdə də nümayiş etdirməyi düşünür. O, vaxtaşırı olaraq beynəlxalq festivallara, sərgilərə dəvət alır. Belə festivallardan biri avqustun ortalarında Türkiyənin İstanbul şəhərinin Əsənyurt bölgəsində keçirilib və iştirakçılar arasında şəbəkə ustası Hüseyn Hacımustafazadə də olub.

Səfərlə bağlı təəssüratlarını bölüşən sənətkar deyib: “İstanbulda təşkil olunan beynəlxalq festivallarda üçüncü dəfədir ki, iştirak edirdim. II Əsənyurt Beynəlxalq Xalq Rəqsləri, Musiqi və Sənət Festivalında Azərbaycandan, Şəkidən iki nəfər iştirak edirdik - mən və milli musiqi alətləri ustası Zahid Vələdov. Festivala dünyanın 40 ölkəsindən sənətkarlar, musiqiçilər dəvət olunmuşdu. Festival çərçivəsində təşkil edilən “Sənətkarlar sokakı (küçəsi)” adlı sərgiyə nisbətən kiçik ölçülü 8 şəbəkə əsərimi aparmışdım. Zahidlə mən əl işlərimizi bir guşədə nümayiş etdirirdik. Ziyarətçilər həm şəbəkə nümunələri ilə tanış olur, eyni zamanda, milli musiqimizi dinləyirdilər. Ümumiyyətlə, sərgimizə böyük maraq var idi. Festivalın yekununda bizə sertifikatlar təqdim etdilər. Digər festivallara dəvət olunmaq üçün adımızı qeydiyyata da götürdülər”.

Hazırda yeni şəbəkə nümunələri hazırlamaq barədə düşünən Hüseyn Hacımustafazadə gələcəkdə digər ölkələrdə də təşkil olunacaq tədbirlərdə, sərgilərdə iştirak etmək, Azərbaycanın bu qədim el sənətini daha geniş təşviq etmək arzusundadır.