Şənlik mərasimlərinin keçiriləcəyi məkanların məsul şəxsləri ilə növbəti görüş keçirilib
Bakı, 2 iyul, AZƏRTAC
İyulun 2-də Qida Təhlükəsizliyi Agentliyi şənlik mərasimlərinin keçiriləcəyi məkanların məsul şəxslərinin iştirakı ilə növbəti görüş keçirib.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, şənlik mərasimlərinin keçirildiyi məkanlarda yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma hallarının qarşısının alınması məqsədilə keçirilən görüşdə 30-a yaxın məsul şəxs iştirak edib.
Görüş zamanı ictimai iaşə sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri və onların vəzifəli şəxslərinə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tələblərinə əməl edilməsi ilə bağlı məlumat verilib. Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş “İctimai iaşə müəssisələrində koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair metodiki göstərişlər”də müəyyən olunmuş tələblər, eyni zamanda, bu tələblərin pozulması hallarına görə məkan və şənlik sahibinin birgə cavabdehlik daşıması iclas iştirakçılarının nəzərinə çatdırılıb.
Görüşdə sahibkarları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb.